Daşkənd Dövlət Hüquq Universiteti Bakıda əməkdaşlıq müqaviləsi imzalayıb
23 mayda Bakıda keçirilən Özbəkistan Ali Təhsil Müəssisələrinin III Təhsil Sərgisində iştirak edən qardaş ölkənin universitetləri əməkdaşlıq müqavilələri imzalayıblar.
Crossmedia.az xəbər verir ki, müqavilə sərginin təşkilatçısı olan Ingla İnternational ETC-dən İcraçı direktor Aytən Məmmədli Özbəkistan tərəfdən isə Daşkənd Dövlət Hüquq Universitetinin Xarici investisiya və təhsil ixracı şöbəsinin müdiri Xilola Şariphova arasında imzalanıb.
Xatırladaq ki, imzalanmış əməkdaşlıq müqavilələri tərəflərin təhsil sahəsində birgə fəaliyyətini, xüsusilə də tələbələrin seçimi, qəbulu və təhsil imkanlarının təşkili istiqamətində əməkdaşlığını əhatə edir.
Müqaviləyə əsasən, şirkət universitetə potensial namizədləri təqdim edir, onların akademik göstəricilərinə və qəbul meyarlarına uyğunluğuna zəmanət verir, universitet isə həmin tələbələrin qəbul prosesini daxili qaydalara uyğun şəkildə həyata keçirir. Sənəddə həm təqaüdlü, həm də ödənişli əsaslarla ayrılan yerlər, maliyyə məsuliyyəti və təhsil xərclərinin qarşılanması məsələləri ayrıca göstərilib. Eyni zamanda universitetin şirkətlə eksklüziv əməkdaşlıq şərtləri də müqavilədə öz əksini tapır.
Qeyd edək ki, müqavilə tərəflərin etik normalara, qəbul siyasətinə və tələbələrin şəxsi məlumatlarının məxfiliyinə riayət etməsini nəzərdə tutur, yaranacaq mübahisələrin isə qarşılıqlı danışıqlar yolu ilə həll ediləcəyini müəyyən edir.
Ümumilikdə sənəd universitetlə beynəlxalq təhsil şirkəti arasında tələbələrin xarici ali təhsil imkanlarına çıxışını tənzimləyən, hüquqi və təşkilati öhdəlikləri müəyyən edən rəsmi əməkdaşlıq çərçivəsi kimi çıxış edir.
Özbəkistanın ən nüfuzlu hüquq ali məktəblərindən biri olan Daşkənd Dövlət Hüquq Universiteti regionun aparıcı hüquq təhsil və elmi-tədqiqat mərkəzlərindən hesab olunur. Müasir hüquq tədrisi sistemi, beynəlxalq əməkdaşlıqları və innovativ yanaşmaları ilə seçilən universitet burada təhsil alan tələbələrə beynəlxalq hüquq, cinayət hüququ, biznes hüququ və insan hüquqları kimi müxtəlif istiqamətlər üzrə peşəkar biliklər qazandırır. Universitet dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, tələbə və müəllim mübadilə proqramlarında fəal iştirak edir. Müasir infrastrukturu, beynəlxalq hüquq mühiti və yüksək ixtisaslı professor heyəti ilə universitet Mərkəzi Asiyada hüquq təhsilinin əsas simvollarından biri sayılır.
Elmir Heydərli
13:12 26.05.2026
Oxunuş sayı: 50