Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub
Mayın 25-də elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub.
Elm və Təhsil Nazirliyindən Crossmedia.az -a daxil olan məlumata görə, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və millət vəkili Şahin Seyidzadə ilə birgə korpusdakı mövcud emalatxanaların fəaliyyəti ilə tanış olub, tədris prosesini izləyib. Daha sonra planlaşdırılan yenidənqurma işləri və yaradılması nəzərdə tutulan yeni emalatxanalar barədə məlumat lövhəsinə baxış keçirilib.
Bildirilib ki, həyata keçiriləcək yeniliklər peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bacarıqlarının inkişafına və əmək bazarının tələblərinə uyğun müasir tədris mühitinin formalaşdırılmasına xidmət edəcək.
Sonra nazir korpusun müəllim və tələbə heyəti ilə görüşüb. Görüş zamanı peşə təhsilinin inkişaf istiqamətləri, praktiki təlim imkanlarının genişləndirilməsi, müasir ixtisaslar üzrə kadr hazırlığı və tələbələrin məşğulluq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Emin Əmrullayev çıxışında peşə təhsilinin ölkənin iqtisadi inkişafı və əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazir həmçinin müasir infrastrukturun yaradılması, innovativ yanaşmaların tətbiqi və istehsalatla inteqrasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının vacibliyini qeyd edib.
Qeyd olunub ki, Qobustan korpusu region üzrə kənd təsərrüfatı və texniki istiqamətlərdə ixtisaslı kadr hazırlığını həyata keçirən struktur bölmə kimi fəaliyyət göstərir. Korpusda hazırda bitkiçilik mütəxəssisi, baytar texniki, dərzi, kompüterlərin təmiri üzrə texnik və geniş profilli traktorçu-maşinist ixtisasları üzrə tədris aparılır. 2025–2026-cı tədris ili üzrə həmin ixtisaslar üzrə korpusa 78 nəfər tələbə qəbul olunub. 2026–2027-ci tədris ili üçün mərkəz üzrə ayrılmış 660 sifariş yerinin 180-i Qobustan korpusu üçün nəzərdə tutulub.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov korpusun fəaliyyəti, tədris prosesi, ixtisaslar, tələbə kontingenti və inkişaf perspektivləri barədə məlumat verib. Direktor müavini həmçinin peşə təhsilində praktiki bacarıqların gücləndirilməsi, müasir ixtisasların inkişafı və məzunların əmək bazarına inteqrasiyası istiqamətində görülən işlərdən bəhs edib.
Səfər zamanı korpusun gələcək inkişafı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
17:44 25.05.2026
Oxunuş sayı: 54