Paşinyan: Ermənistan-Azərbaycan dəmiryolu tezliklə açılacaq
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dəmiryol xətlərinin yaxın vaxtlarda istifadəyə veriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Axalkalaki–Qars dəmir yolu, eləcə də Azərbaycan Dəmir Yolları artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır. O bildirib ki, bu addım Ermənistan iqtisadiyyatı üçün mühüm hadisə hesab olunur.
Ermənistan hökumət başçısı prosesdə iştirak etdiklərinə görə Türkiyə və Gürcüstandan olan tərəfdaşlara təşəkkür edib.
Paşinyan qeyd edib ki, Ermənistan hazırda Gürcüstan və Azərbaycan üzərindən Rusiya ilə, daha sonra isə Rusiya və Qazaxıstan vasitəsilə Çinlə dəmir yolu əlaqəsinə malikdir. Onun sözlərinə görə, ölkənin Gürcüstan və Türkiyə üzərindən Avropa İttifaqına dəmir yolu çıxışı da mövcuddur.
Baş nazir əlavə edib ki, TRIP layihəsi çərçivəsində yaxın dövrdə Naxçıvan üzərindən Ermənistan–Türkiyə, Ermənistan–Azərbaycan və daha sonra Ermənistan–İran dəmiryol əlaqələrinin açılması gözlənilir.
11:27 24.05.2026
Oxunuş sayı: 87