WUF-13-ün nəticələri müsbət və səmərəli olacaq - AÇIQLAMA
Azərbaycan son illərdə yalnız regionda deyil, beynəlxalq müstəvidə də dayanıqlı inkişaf, innovativ şəhərsalma və müasir idarəetmə prinsiplərinin tətbiqi sahəsində diqqət çəkən ölkələrdən birinə çevrilib. Paytaxt Bakının qlobal əhəmiyyət daşıyan forum və beynəlxalq platformalara uğurla ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun, təşkilati imkanlarının və dünya miqyasında etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz göstəricisidir.
Müasir urbanizasiya çağırışlarının ön plana çıxdığı bir dövrdə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri, ekoloji yanaşmaya əsaslanan inkişaf strategiyası və azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri beynəlxalq ictimaiyyət tərəfindən xüsusi maraqla izlənilir. Bu baxımdan, Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası - WUF-13 həm ölkəmizin qlobal əməkdaşlığa verdiyi töhfənin, həm də gələcəyin şəhərsalma modelinin formalaşdırılmasında oynadığı rolun mühüm göstəricisi kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Soltan Məmmədov Crossmedia.az-a açıqlama verib: "Mayın 18-də Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun, dayanıqlı inkişaf və şəhərsalma sahələrində əldə etdiyi uğurların, həmçinin qlobal əməkdaşlığa verdiyi töhfənin mühüm təzahürüdür. Paytaxt Bakı şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin şəhərsalma siyasəti və beynəlxalq əməkdaşlıq müstəvisində həyata keçirdiyi fəaliyyətin etibarlı və nümunəvi model kimi qəbul olunduğunu bir daha təsdiqlədi.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlər ölkəmizin beynəlxalq platformalarda mövqeyinin ardıcıl şəkildə güclənməsini və qlobal miqyasda təşəbbüskar aktor kimi rolunun daha da artmasını aydın şəkildə ifadə edib. Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçının olması tədbirin qlobal əhatə dairəsinin genişliyini və beynəlxalq marağın yüksək səviyyəsini nümayiş etdirir. Bu göstərici eyni zamanda, ölkəmizin əvvəlki illərdə uğurla ev sahibliyi etdiyi böyükmiqyaslı tədbirlərdə formalaşmış yüksək təşkilati təcrübənin və imkanların, davamlı beynəlxalq etimadın nəticəsi kimi dəyərləndirilir. Əminliklə demək olar ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticələri də ölkələrimizdə keçirilmiş əvvəlki uğurlu beynəlxalq tədbirlərdə olduğu kimi müsbət və səmərəli olacaqdır".
Deputat, həmçinin Prezident İlham Əliyevin çıxışında işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq və Böyük Qayıdış Proqramının icrası ilə bağlı ətraflı məlumat verdiyini vurğulayıb:
"30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış ərazilərimizdə şəhərlər, kəndlər, tarixi və dini abidələr, sosial infrastruktur obyektləri tamamilə dağıdılaraq misli görünməmiş vandalizmə məruz qalmışdır. Bu gün isə Azərbaycan dövləti tərəfindən həmin ərazilərdə dünya miqyasında nadir hesab olunan genişmiqyaslı bərpa-quruculuq və müasir şəhərsalma layihələri həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzur tamamilə yeni inkişaf modelinə uyğun şəkildə yenidən qurulur, müasir infrastruktur yaradılır, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr müasir şəhərsalma modelinin ən mühüm nümunələrindən hesab olunur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin qurulması və müasir sosial infrastrukturun yaradılması ölkəmizdə urbanizasiya prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir".
Elmir Heydərli
10:05 24.05.2026
Oxunuş sayı: 65