Yaşıl enerji sahəsində Azərbaycan-Səudiyyə əməkdaşlığı güclənir
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlığın daha da genişlənəcəyi bildirilir.
Səudiyyə Ərəbistanının layihə-inkişaf proqramlarının rəhbəri Həsən Alattasın “Report”a açıqlamasına görə, iki ölkə arasında enerji sektoru üzrə əlaqələr uzun illərə dayanan sabit əməkdaşlıq ənənəsinə əsaslanır və bu istiqamətdə qarşılıqlı fəaliyyət davamlı şəkildə inkişaf etdirilir.
Onun sözlərinə görə, xüsusilə COVID-19 pandemiyası dövründə Səudiyyə Ərəbistanının energetika nazirinin Azərbaycana səfəri tərəflər arasında koordinasiyanın daha da güclənməsinə təkan verib.
Bu əməkdaşlıq enerji sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin strateji əhəmiyyətini artırmaqla yanaşı, gələcəkdə daha geniş layihələrin həyata keçirilməsi üçün də mühüm baza rolunu oynayır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan, Səudiyyə Ərəbistanı və ümumilikdə enerji sahəsində əməkdaşlıq çox böyük perspektivlərə malikdir. Hazırda bu münasibətlər müxtəlif istiqamətlərdə öz təsdiqini tapır və tərəflər arasında əməkdaşlığın getdikcə daha da genişlənməsi müşahidə olunur.
Nəticə etibarilə, gələcəkdə bu əməkdaşlığın uzunmüddətli və geniş spektrli inkişaf potensialı mövcuddur. Burada söhbət təkcə ənənəvi neft-qaz sektorundan deyil, eyni zamanda yaşıl enerji sahəsində tərəfdaşlığın dərinləşdirilməsindən də gedir.
Bu baxımdan, Səudiyyə Ərəbistanının enerji sektorunda fəal iştirak edən ACWA Power şirkətinin Azərbaycandakı fəaliyyəti xüsusi qeyd olunmalıdır. Həmin şirkət ölkəmizin enerji sektoruna investisiya yatıran əsas beynəlxalq tərəfdaşlardan biridir.
Bakı ilə Ər-Riyad arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi də məhz ACWA Power şirkətinin həyata keçirdiyi layihələr üzərindən reallaşdırılır.
Bu çərçivədə bir neçə mühüm istiqamət xüsusilə diqqətəlayiqdir. Belə ki, Xızı-Abşeron bölgəsində həyata keçirilən külək elektrik stansiyası layihəsi 240 MVt gücə malikdir və bu, regionda ən böyük külək enerji layihələrindən biri hesab olunur.
Bununla yanaşı, Xəzər dənizində Azərbaycana aid sektorunda külək enerjisinin istehsalı ilə bağlı genişmiqyaslı layihələr müzakirə olunur və artıq bu istiqamətdə ilkin mühüm razılaşmalar əldə edilib.
2024-2025-ci illər üzrə ACWA Power ilə dənizdə külək enerjisinin inkişafına dair razılaşmalar bu sahədə əməkdaşlığın real mərhələyə keçdiyini göstərir.
Burada ümumilikdə 3,5 GVt həcmində enerji potensialının yaradılması nəzərdə tutulur ki, bu da perspektivlərin kifayət qədər geniş olduğunu təsdiqləyir.
Azərbaycan həmçinin Avropaya yaşıl enerji ixrac edən ölkəyə çevrilmək istiqamətində mühüm addımlar atır. Səudiyyə Ərəbistanı isə öz növbəsində beynəlxalq enerji sərmayələrinin diversifikasiyasına böyük önəm verir. Bu baxımdan, Azərbaycan bazarı hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.
Səudiyyə Ərəbistanının “2030 Vizyonu” proqramı çərçivəsində aşağı karbonlu texnologiyalara və bərpa olunan enerji mənbələrinə investisiyaların artırılması əsas prioritetlərdən biridir. Bu isə enerji sahəsində, xüsusilə enerji saxlama sistemləri və innovativ texnologiyalar istiqamətində geniş əməkdaşlıq imkanları yaradır.
Eyni zamanda, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı layihələr də müzakirə mövzusudur. Bu sahədə Səudiyyə Ərəbistanının təcrübəsi və investisiya imkanları Azərbaycanın su və enerji təhlükəsizliyi baxımından mühüm nəticələrə gətirib çıxara bilər.
Daha geniş kontekstdə isə Bakı ilə Ər-Riyad arasında əməkdaşlıq enerji diversifikasiyasının gücləndirilməsi, Orta Dəhlizin potensialının artırılması və regionda, xüsusilə Fars Körfəzi ölkələri ilə Cənubi Qafqaz arasında enerji layihələrinin inkişafı üçün əlverişli mühitin formalaşdırılmasına xidmət edir.
Bütün bunlar göstərir ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanan, strateji xarakter daşıyan və gələcəkdə daha da dərinləşəcək mühüm tərəfdaşlıq istiqamətidir".
Elmir Heydərli
17:35 22.05.2026
Oxunuş sayı: 54