Magistr imtahanında gecikənlər üçün alternativ mexanizm olmalıdırmı?
Ötən günlərdə keçirilən magistraturaya qəbul imtahanının ikinci cəhdi bir sıra bölgələrdə müşahidə olunan kəskin hava şəraiti və nəqliyyatın iflic vəziyyətinə düşməsi səbəbindən geniş müzakirələrə yol açıb.
Güclü yağış, yolların bağlanması və ictimai nəqliyyatda yaranan gecikmələr nəticəsində yüzlərlə bakalavr imtahan mərkəzlərinə vaxtında çata bilməyib.
İmtahana gecikən bəzi abituriyentlərin isə qaydalara əsasən imtahan binasına buraxılmaması sosial şəbəkələrdə ciddi narazılıq yaradıb. Məsələ xüsusilə fövqəladə hava şəraiti zamanı tətbiq olunan prosedurların humanistliyi və çevikliyi baxımından ictimai müzakirəyə çevrilib.
Hüquqi aspektdən isə məsələ bərabər imkanların təmin olunması və fors-major halların qiymətləndirilməsi kontekstində diqqət çəkir.
Təhsil üzrə ekspertlər və hüquqşünaslar bildirirlər ki, təbii və nəzarətdənkənar amillər səbəbindən imtahana gecikən şəxslərlə bağlı xüsusi yanaşma mexanizmlərinin olub-olmaması vacib müzakirə mövzusudur. Sosial baxımdan isə illərlə hazırlaşan gənclərin obyektiv səbəblərdən imtahan hüququndan məhrum qalması psixoloji və ictimai narahatlıq yaradıb.
Mövzu ətrafında Dövlət İmtahan Mərkəzinin mümkün alternativ qərarları və gələcəkdə oxşar halların qarşısını almaq üçün hansı addımların atılacağı əsas suallardan biri kimi gündəmdədir.
Artıq DİM öz açıqlamasında yaranmış halın nəzərə alındığını və bakalavrlara növbəti şansın yaradıldığını qeyd etdi. Əlbəttə bu təqdirəlayiq bir haldır.
Bəs maraqlıdır bu cür hallarda hüquqi olaraq tələbələr nəzərə alınmalıdırlarmı?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu tələbələrin imtahanda iştirakının təmin olunması Dövlət İmtahan Mərkəzi tərəfindən nəzərə alınıb və onların gecikmələrinə baxmayaraq, imtahanda iştirak etmələri təmin edilib.
Baş verən hadisə fors-major xarakterli vəziyyət kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, dövlət qurumları vətəndaşların iradəsindən kənar, anlaşılmayan səbəblərdən yaranan gecikmələri nəzərə almalıdırlar.
Düzdür, qanunvericilikdə bununla bağlı konkret müddəa nəzərdə tutulmayıb. Bununla belə, imtahan iştirakçılarının yaddaş kitabçalarında müvafiq məlumatların qeyd olunmasına baxmayaraq, imtahan nəzarətçilərinin fəaliyyətində də müəyyən yubanmalar müşahidə olunub.
Nəticə etibarilə, imtahana gec çatan şəxslərin vəziyyəti DİM tərəfindən anlayışla qarşılanıb və onların iştirakına şərait yaradılıb. Ümumilikdə isə dövlət qurumları vətəndaşlar üçün problem yaradan deyil, yaranmış problemlərin həllinə yönələn funksiyanı yerinə yetirməlidirlər".
Məsələ ilə bağlı təhsil üzrə ekspert İlkin Bayraməli isə bazar günü keçirilən magistr imtahanından sonra yaranan narazılıqların müəyyən qədər başadüşülən olduğunu qeyd edib:

"Həmin gün güclü yağış və şəhərdə keçirilən WUF13 tədbiri səbəbindən yaranan sıxlıq bəzi tələbələrin imtahan binasına vaxtında çatmasına çətinlik yaratdı. Bu səbəbdən imtahana buraxılmayan tələbələrin məyusluğu da tamamilə təbiidir.
Digər tərəfdən, imtahan qaydalarının əvvəlcədən məlum olduğunu da nəzərə almaq lazımdır. Belə vacib günlərdə tələbələrin mümkün gecikmə ehtimalını düşünərək daha tez yola çıxması vacib hesab olunur. Çünki qaydaların hər kəs üçün eyni tətbiq edilməsi imtahan prosesində nizamın qorunması baxımından önəmlidir.
Amma qəbul etmək lazımdır ki, həmin gün yaranan şərait də adi deyildi. Güclü yağış, nəqliyyatda yaşanan sıxlıq və WUF13 tədbiri ilə bağlı hərəkət məhdudiyyətləri bir çox insan üçün gözləniləndən daha ciddi problem yaratdı.
Buna görə də tələbələrin narahatlığını və mövzu ətrafında yaranan müzakirələri anlamaq mümkündür.
Ümumilikdə isə belə hallar göstərir ki, həm tələbələr vaxt məsələsində daha ehtiyatlı olmalı, həm də fors-major halların hər zaman yarana biləcəyi nəzərə alınmalıdır".
Elmir Heydərli
13:00 21.05.2026
Oxunuş sayı: 97