Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb: Bu, nələri dəyişəcək?
Azərbaycan tullantıların idarə edilməsi sistemini yenidən qurmağa hazırlaşır. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni ixtisaslaşmış qurum — Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb. Agentlik tullantıların əmələ gəlməsindən tutmuş basdırılmasına qədər bütün mərhələləri əhatə edən dövlət nəzarətini həyata keçirəcək. Nazirlər Kabinetinə isə qanunvericiliyin təkmilləşdirilməsi, 2027–2030-cu illər üçün Milli Strategiyanın hazırlanması və agentliyin fəaliyyətə başlaması üçün konkret müddətlər müəyyən edilib.

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Crossmedia.az-a bildirib ki, bu, həqiqətən ehtiyac duyulan bir qərardır: "Müasir dünyada ən vacib problemlərdən biri tullantıların idarə olunmasıdır. Bu gün dünyanın zibillənməsi həm ekologiyanı məhv edir, həm də əlavə xəstəliklərin yaranmasına səbəb olur. Tullantıların idarə olunmasının iki əsas əhəmiyyəti var. Biri ekoloji sağlamlıq baxımından mərkəzləşdirilmiş idarəetmədir. İkincisi isə iqtisadi əsasdır — tullantılardan sənaye məqsədləri ilə istifadə olunmasıdır. Çində bütün tullantılar sənaye əhəmiyyətli şəkildə istifadə olunur, çeşidlənir və müxtəlif məhsullar istehsal edilir. Həm iqtisadi qazanc əldə edilir, həm də ətraf mühit təmiz qalır".
Sosioloq qeyd edib ki, Bakıda tikilən Məişət Tullantıları Zavodu bu istiqamətdə mühüm addımdır: "Bu çox faydalı təcrübədir. Amma bunların sayını artırmaq, bütün sistemi bir mərkəzdən idarə etmək lazımdır. Tullantıların toplanması elə qurulmalıdır ki, həm ortalıqda zibil olmasın, həm çeşidləmə düzgün aparılsın, həm də sənaye əhəmiyyətli təkrar emala qaytarılsın. Cəmiyyətdə zibil mədəniyyətinin formalaşdırılması da az əhəmiyyət daşımır. Son illərdə ayrıca çeşidləmə qutuları qoyulub, amma yenə də buna əhəmiyyət verilmir. Sivil ölkələrdə 4-5-6 növdə qutular qoyulur ki, çeşidləmə başlanğıcdan düzgün təşkil olunsun. Biz bu mədəniyyətə yiyələnməliyik".
Sosioloq söhbətin yalnız məişət tullantıları ilə bitmədiyini də xüsusi vurğulayıb: "Çaylara, göllərə axıdılan tullantılar, atmosferə buraxılan zəhərli qazlar — bunların hamısı kompleks proqram şəklində həll edilməlidir. Ümidvaram ki, bu agentlik qısa müddətdə əsaslı dönüş yaradacaq və beynəlxalq təcrübədən bəhrələnərək effektiv iş ortaya qoya biləcək".
Mehriban Yariyeva
18:12 20.05.2026
Oxunuş sayı: 54