Bakı ilə Tbilisi arasında dəmiryolu əlaqəsinin genişləndirilməsində Gürcüstanın iddiaları həlledici əhəmiyyət daşımır - RƏY
Bakı ilə Tbilisi arasında dəmiryolu əlaqəsinin genişləndirilməsi regionun iqtisadi inteqrasiyası baxımından mühüm mərhələ kimi dəyərləndirilir. Bu cür layihələr ticarət dövriyyəsinin artmasına və logistik imkanların genişlənməsinə şərait yaradır.
Layihənin həyata keçirilməsi ilə bağlı müxtəlif tərəflərin iddiaları olsa da, əsas fakt ondan ibarətdir ki, bu nəticə sistemli və uzaqgörən dövlət siyasətinin məhsuludur. Azərbaycan bu sahədə regional əməkdaşlığın təşəbbüskarlarından biri kimi çıxış edir.
Prezident Ilham Əliyevin müdrik siyasəti regionda əməkdaşlıq mühitinin gücləndirilməsinə və qarşılıqlı faydalı əlaqələrin inkişafına yönəlmişdir. Bu yanaşma Cənubi Qafqazda sabit və dayanıqlı inkişaf modelinin formalaşmasına töhfə verir. Hərçənd Gürcüstan tərəfinin qeyri - adekvat yanaşmaları bəzən məsələyə fərqli "rəng qatır".

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşad Musayev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Gürcüstan tərəfinin hansı iddiada olması və ya hansı mövqedən çıxış etməsi burada o qədər də həlledici əhəmiyyət daşımır. Əsas məsələ quru sərhədlərin bağlanması ilə bağlıdır. Cənab Prezidentin də açıqlamasında qeyd olunduğu kimi, bu addım ilk növbədə Azərbaycanın milli təhlükəsizliyi ilə əlaqədardır. Əgər Azərbaycanın təhlükəsizliyi ilə bağlı hər hansı risk mövcuddursa, bunun hansı ölkə tərəfindən irəli sürülməsindən asılı olmayaraq, dövlət sərhədlərin açılması məsələsinə ehtiyatla yanaşır. Mövcud vəziyyət göstərir ki, Azərbaycan dövləti öz təhlükəsizlik maraqlarını əsas etibarilə təmin edib və bu istiqamətdə zəruri institutlar çevik və səmərəli şəkildə fəaliyyət göstərir. Buna baxmayaraq, regionda müxtəlif istiqamətlərdən yarana biləcək potensial təhdidlər daim nəzərə alınır. Lakin Azərbaycan artıq bu kimi mərhələləri keçmiş və öz təhlükəsizlik sistemini gücləndirmiş bir dövlətdir. Bu kontekstdə ikinci mühüm məqam Gürcüstanla əlaqələrin, o cümlədən nəqliyyat və qatar əlaqələrinin bərpası və genişləndirilməsi məsələsidir. Bu, əsasən Azərbaycan və Gürcüstan arasında razılaşdırılan ikitərəfli bir məsələdir. Burada əsas prioritet tərəflərin siyasi mövqeləri deyil, qarşılıqlı maraqlar və regional əməkdaşlığın inkişafıdır".
Deputat bildirib ki, Azərbaycanın bu regionda strateji rol oynadığı qəbul edilən reallıqdır: "Dövlət həm təhlükəsizlik, həm də iqtisadi baxımdan mühüm mövqeyə malikdir. Eyni zamanda, müxtəlif dövrlərdə fərqli istiqamətlərdən gələn təhdid və təxribat cəhdləri müşahidə olunmuşdur. Buna görə də Azərbaycan dövlətinin mövqeyi daim milli maraqların qorunması üzərində qurulur. Quru sərhədlərin bağlı qalması məsələsi həm də iqtisadi aspektdən qiymətləndirilə bilər. Bu qərar daxili inkişaf, təhlükəsizlik və idarəetmə baxımından müəyyən üstünlüklər yaradır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Gürcüstanda yüz minlərlə azərbaycanlı soydaşımız yaşayır və onların müəyyən sosial və gündəlik hərəkətliliklə bağlı ehtiyacları mövcuddur. Bu baxımdan, insanların gediş-gəlişi, əlaqələrin asanlaşdırılması və humanitar amillər də kompleks şəkildə nəzərə alınmalıdır. Nəticə etibarilə, bu məsələyə yalnız bir tərəfdən deyil, təhlükəsizlik, iqtisadiyyat və regional əməkdaşlıq aspektlərini birgə qiymətləndirərək yanaşmaq daha düzgün olar".
Elmir Heydərli
18:01 20.05.2026
Oxunuş sayı: 43