Moskvanın ”ağıllı boşanma” mesajı - İrəvanı çətin seçim gözləyir
Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxa biləcəyi ilə bağlı İrəvandan verilən son açıqlama regionda yeni geosiyasi müzakirələrə səbəb olub.
Baş nazirin müavini Mher Qriqoryan ölkəsinin gələcəkdə həm Avropa İttifaqı, həm də Aİİ ilə paralel şəkildə tam inteqrasiyasının mümkün olmadığını etiraf edərək, belə bir seçim qarşısında yekun qərarın Ermənistan vətəndaşları tərəfindən veriləcəyini bildirib.
Rəsmi İrəvan hazırda Aİİ daxilində fəaliyyətini davam etdirsə də, Qərblə münasibətlərin dərinləşdirilməsi fonunda Ermənistanın xarici siyasi kursunda mümkün dəyişiklik ehtimalları daha da aktuallaşıb.
Moskvanın “ağıllı boşanma” mesajı isə Kremlin bu prosesləri diqqətlə izlədiyini və İrəvanın gələcək addımlarına xüsusi önəm verdiyini göstərir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Əslində Rusiyanın Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasına reaksiyası artıq kifayət qədər aydındır. Çünki Rusiya siyasi elitasına daxil olan müxtəlif səviyyəli məmurlar dəfələrlə Ermənistana bu məsələ ilə bağlı xəbərdarlıq xarakterli mesajlar ünvanlayıblar. Bu mesajların mahiyyəti isə ondan ibarətdir ki, Ermənistan qarşısında konkret və prinsipial seçim dayanır.
Ya Avropa İttifaqı istiqamətində inteqrasiya xəttini davam etdirməli, ya da bu kursu seçəcəyi təqdirdə Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə qərar verməlidir.
Görünən odur ki, Ermənistan üçün həmin prinsipial seçim mərhələsi artıq yetişib və Paşinyan hakimiyyəti ya müəyyən siyasi qərarlar qəbul edib, ya da bu qərarların verilməsi ərəfəsindədir. Seçkiöncəsi dövrdə Qərbə inteqrasiya mövzusu Paşinyan hökumətinin əsas siyasi və təbliğat platformalarından birini təşkil edir.
Buna görə də, bu məsələ nisbətən daha çox gündəmə gətirilmiş kimi görünür. Lakin Ermənistan üçün bu, olduqca riskli bir addım ola bilər. Əgər Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə qərar qəbul edilərsə və bu qərar icra olunarsa, ölkə ciddi iqtisadi və siyasi çətinliklərlə üzləşə bilər.
Çünki Ermənistanın Avropa İttifaqına üzvlüyü qeyri-müəyyən və uzunmüddətli bir prosesdir, hətta onun nə vaxt və ya ümumiyyətlə baş verib-verməyəcəyi ciddi suallar doğurur.
Avropa İttifaqı öz üzərinə əlavə iqtisadi yük götürməkdə ehtiyatlı davranan bir qurumdur və Ermənistanın potensial üzvlüyü də bu baxımdan müzakirə mövzusudur.
Daha çox ehtimal olunur ki, Avropa İttifaqı Ermənistan vasitəsilə Cənubi Qafqazda geosiyasi proseslərə təsir imkanlarını genişləndirməyə çalışır. Üzvlüklə bağlı verilən vədlər də bir çox hallarda bu geosiyasi məqsədlərlə əlaqələndirilir. Lakin Ermənistan bu vədlərə əsaslanaraq Avrasiya İqtisadi İttifaqından çıxmaq qərarı verərsə, ölkə üçün ciddi risklər yarana bilər.
İlkin hesablamalara görə, Ermənistanın belə bir addım atacağı təqdirdə illik iqtisadi itkiləri 5 milyard ABŞ dollarından çox ola bilər. Çünki Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistan geniş gömrük və ticarət güzəştlərindən faydalanır.
Digər tərəfdən, Ermənistan iqtisadi baxımdan Rusiya bazarından da ciddi şəkildə asılıdır. Hətta müxtəlif qiymətləndirmələrə görə, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 11 milyard dollar təşkil edir. Bunun əhəmiyyətli hissəsi, yəni təxminən 7 milyard dolları kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının payına düşür.
Bu kontekstdə Rusiya tərəfinin dolayı şəkildə xəbərdarlıq etdiyi də qeyd olunur: əgər Ermənistan mövcud siyasi kursunu davam etdirərsə və Rusiya ilə iqtisadi əlaqələr zəifləyərsə, bu ölkənin kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışı məhdudlaşdırıla bilər. Bu isə Ermənistan iqtisadiyyatı üçün ciddi zərbə deməkdir.
Bundan başqa, Ermənistan Rusiyadan enerji resursları idxal edir. Məsələn, təbii qazın aşağı qiymətlərlə — təxminən 117 ABŞ dolları səviyyəsində alınması Avrasiya İqtisadi İttifaqı çərçivəsində mövcud üstünlüklərlə bağlıdır.
Halbuki, Avropada təbii qazın qiyməti min kubmetr üçün 550-600 dollar arasında dəyişir ki, bu da bir neçə dəfə yüksək göstəricidir.
Belə bir fərq Ermənistan büdcəsi üçün ciddi yük yarada bilər və bu itkilərin kompensasiya edilməsi real görünmür. Ümumilikdə, bütün bu amillər bir araya gətirildikdə, Ermənistan üçün həm iqtisadi, həm ticarət, həm də maliyyə baxımından ciddi problemlərin yarana biləcəyi aydın olur.
Bununla yanaşı, Rusiyanın Ermənistandakı təsir mexanizmləri də nəzərə alınmalıdır. Ermənistanın dəmir yolu sistemi Rusiyanın nəzarətindədir, Metsamor Atom Elektrik Stansiyası da Rusiya tərəfindən idarə olunur. Eyni zamanda, ölkədə Rusiya hərbi bazası yerləşir ki, bu da mühüm strateji amildir.
Bundan əlavə, Ermənistanda Rusiyanın təsir imkanlarına malik olduğu siyasi və təhlükəsizlik şəbəkələrinin mövcudluğu da qeyd edilir ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biridir.
Nəticə etibarilə belə qənaətə gəlmək olar ki, əgər Paşinyan hakimiyyəti Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə qərar qəbul edər və bu qərarı icra edərsə, Rusiya Ermənistan qarşısında ciddi iqtisadi və siyasi təzyiq mexanizmlərini işə sala bilər. Bu isə Ermənistanın həmin təzyiqlərə hansı səviyyədə tab gətirə biləcəyi ilə bağlı ciddi suallar doğurur".
Elmir Heydərli
10:00 19.05.2026
Oxunuş sayı: 55