BƏƏ-nin İrana qarşı kollektiv hərbi təşəbbüsü nəticəsiz qalıb
Birləşmiş Ərəb Əmirlikləri region ölkələrini İran əleyhinə mümkün kollektiv hərbi əməliyyata cəlb etməyə çalışsa da, bu təşəbbüsün uğursuz olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan hücumlara cavab fonunda Körfəz ölkələri ilə, o cümlədən Məhəmməd bin Salman ilə telefon danışıqları aparıb.
Məlumata əsasən, BƏƏ tərəfi İranın regionda atdığı addımlara cavab olaraq kollektiv “qisas zərbəsi” ideyasını gündəmə gətirsə də, digər Körfəz ölkələri bunun “onların müharibəsi olmadığını” bildirərək təşəbbüsə qoşulmayıb.
Sonradan BƏƏ-nin İrana qarşı ayrıca hərbi addım atdığı və ardınca OPECdən çıxması ilə bağlı iddialar da yayılıb.
Digər Körfəz ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı diqqətini diplomatik danışıqlara yönəldib. Bəhreyn və Küveyt də münaqişədən kənarda qalmağa üstünlük verib.
17:37 15.05.2026
Oxunuş sayı: 35