TDT-nin iqtisadi potensialı daha geniş əməkdaşlıq tələb edir
Müasir geosiyasi reallıqlar fonunda Türk dünyasının inteqrasiyası artıq təkcə mədəni və siyasi yaxınlaşma məsələsi deyil, həm də iqtisadi, logistik, maliyyə və təhlükəsizlik baxımından strateji zərurətə çevrilib.
Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar göstərir ki, türk dövlətləri ortaq gələcək naminə əməkdaşlığı yeni mərhələyə daşımağa çalışırlar.
Orta Dəhlizin inkişafı, vahid nəqliyyat və gömrük sistemlərinin qurulması, investisiya və maliyyə institutlarının yaradılması, eləcə də təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi bu inteqrasiyanın əsas sütunları kimi ön plana çıxır.
Bununla yanaşı, prosesin qarşısında hələ də ciddi çağırışlar mövcuddur. Qəbul edilən qərarların praktiki icrası, ortaq iqtisadi mexanizmlərin tam işlək vəziyyətə gətirilməsi və üzv dövlətlər arasında daha çevik koordinasiyanın qurulması Türk dünyasının gələcək taleyi baxımından həlledici əhəmiyyət daşıyır.
Bu baxımdan, TDT-nin son illərdə həyata keçirdiyi təşəbbüslər həm təşkilatın artan potensialını, həm də qarşıda duran strateji vəzifələri açıq şəkildə nümayiş etdirir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"2025-ci ilin yanvarında Bakıda keçirilmiş TDT gömrük xidmətləri rəhbərlərinin iclasında eTIR sisteminin tam tətbiqi üzrə regional yol xəritəsi qəbul edilmiş, həmçinin 2026-cı ilin aprelində TDT üzv dövlətlərinin nəqliyyat nazirlikləri tərəfindən eCMR-in tətbiqinə dair qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Bu addımlar Orta Dəhlizi daha etibarlı və proqnozlaşdırıla bilən marşruta çevirməyə xidmət edir.
TDT-nin himayəsi altında iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edən 58 əməkdaşlıq mexanizmi fəaliyyət göstərir.
Türk dövlətləri tərəfindən 600 milyon ABŞ dolları kapitala malik Türk İnvestisiya Fondu – üzv dövlətlər arasındakı ilk birgə maliyyə institutu – yaradılmışdır.
Bundan başqa, TDT iştirakçısı olan ölkələrin mərkəzi banklarının şurasının və "yaşıl" maliyyə üzrə Türk Şurasının ilk iclasları keçirilmiş, maliyyə monitorinqi qurumları və anti-inhisar orqanları arasında əməkdaşlığa başlanılmışdır.
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi, digər üzv dövlətlərlə isə azad ticarət sazişləri qüvvədədir. Bu sazişlər çərçivəsində güzəştli rejimlər tətbiq edilir, bu da region daxilindəki mal dövriyyəsini sürətləndirir.
TDT xidmətlər və investisiyalar üzrə azad ticarət sazişi ilə bağlı üzv dövlətlər arasında konsensusun əldə olunacağına ümid edir - lakin bu hələ tamamlanmamışdır. Malların azad dövriyyəsindən sonra xidmətlər bazarının inteqrasiyası təcili məsələdir.
Azərbaycan Prezidenti 2026-cı ildə TDT üzv ölkələrinin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif etmiş, vurğulamışdır ki, hərbi güc olmadan müstəqillik və inkişaf qeyri-mümkündür. Bu istiqamət hələ potensial olaraq qalmaqdadır.
Üzv dövlətlər arasında milli valyutalarda hesablaşma - SWIFT-dən asılılığın azaldılması - gündəmdədir, lakin praktiki mexanizm hələ tam işlək deyil.
TDT üzv ölkələrindəki təsdiqlənmiş təbii qaz ehtiyatları 18.6 trilyon kubmetr, neft ehtiyatları isə 5.3 milyard tondur - bu nəhəng potensial hələ koordinasiyalı şəkildə istifadə edilmır.
TDT siyasi-institusional baxımdan ciddi irəliləyiş əldə etmiş, lakin iqtisadi inteqrasiya hələ sənəd-deklarasiya müstəvisindən tam praktiki müstəviyə keçə bilməmişdir.
Əsas problem icraçılıq mexanizmlərinin zəifliyidir — qərarlar qəbul edilir, amma sürətli icra olunmur. Ümid edirik ki, tezliklə bu gecikmələr də aradan qalxacaq".
Elmir Heydərli
17:28 15.05.2026
Oxunuş sayı: 53