Çin-ABŞ xətti gərginləşir - Tayvan böhranı yenidən gündəmdədir
Si Cinpinin ABŞ Prezidenti Donald Trampla görüşdə Tayvan məsələsini iki ölkə münasibətlərinin əsas mövzusu adlandırması diqqət çəkib.
Pekin açıq şəkildə bildirir ki, bu məsələdə yanlış addımlar Çin və ABŞ arasında ciddi gərginliyə səbəb ola bilər.
Son illərdə Vaşinqtonun Tayvana dəstəyi və Çinin bölgədə artan hərbi aktivliyi onsuz da münasibətləri həssas mərhələyə gətirib.
Bu baxımdan, Tayvan mövzusu gələcəkdə iki böyük güc arasında əsas qarşıdurma nöqtələrindən birinə çevrilə bilərmi sualı yenidən gündəmə gəlir.
Mövzu ilə bağlı politoloq Aydın Tağıyev Crossmedia.az-a açıqlama verib:

“Görünən odur ki, Si Cinpinin Tayvan məsələsini Çin-ABŞ münasibətlərində “ən vacib məsələ” kimi təqdim etməsi, Pekinin bu mövzunu strateji qırmızı xətt hesab etdiyini bir daha göstərir.
Çin rəhbərliyi açıq şəkildə bildirir ki, Tayvanın statusu düzgün həll olunmasa, münasibətlər yalnız gərginləşəcək, hətta münaqişə riskinə çevriləcək.
Fikrimcə, Tayvan məsələsi Çin üçün daxili suverenlik və milli bütövlük məsələsidir. Bu səbəbdən Pekin onu danışıqlarda güzəşt mövzusu kimi görmür.
Qarşı təfdə Vaşinqton Tayvanı dəstəkləməklə həm demokratik dəyərləri müdafiə etdiyini, həm də Asiya-Sakit okean regionunda balansı qorumağa çalışdığını vurğulayır”.
Politoloq əlavə edib ki, əgər tərəflər kompromis tapmasa, Tayvan məsələsi iki dövlət arasında ən ciddi böhran ocağına çevrilə bilər:
“Bu, yalnız ikitərəfli münasibətləri deyil, həm də regional sabitliyi sarsıda bilər. Yekunda onu deyə bilərəm ki, Tayvan məsələsi danışıqlardan sonra da Çin-ABŞ münasibətlərində problem olaraq qalacaq.
Çünki tərəflərin mövqeləri strateji olaraq ziddiyyətlidir: Çin “vahid Çin” prinsipini müdafiə edir, ABŞ isə Tayvanın təhlükəsizliyini təmin etməyə çalışır. Bu səbəbdən Tayvan, iki dövlət arasında gərginliyin davamlı mənbəyi olaraq qalacaq”.
Ayhan
16:15 14.05.2026
Oxunuş sayı: 47