ABŞ Kubada “yumşaq güc” siyasətini aktivləşdirir
ABŞ-nin Kubaya 100 milyon dollarlıq humanitar yardım göstərməyə hazır olduğunu açıqlaması və eyni zamanda, Donald Trampın son dövrlərdə Kubanın ABŞ-la inteqrasiyası ilə bağlı səsləndirdiyi fikirlər bu yardım paketinin arxasında siyasi və geosiyasi məqsədlərin dayanması ehtimalını gündəmə gətirir.
Bir çox ekspertlər hesab edir ki, Vaşinqton humanitar yardım vasitəsilə iqtisadi çətinliklər yaşayan Kuba cəmiyyətində ABŞ-a qarşı daha müsbət ictimai rəy formalaşdırmağa və bölgədə təsir imkanlarını genişləndirməyə çalışır.
Bununla yanaşı, Kubanın ABŞ-a birləşdirilməsi hazırkı beynəlxalq hüquq və siyasi reallıqlar baxımından olduqca mürəkkəb məsələdir və yaxın perspektivdə real görünmür.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlama verib:

“Amerika Birləşmiş Ştatlarının strateji məqsədi dünyada birqütblü sistem yaratmaq və bu sistemi nəzarətdə saxlamaq, yəni Amerika imperatorluğunu genişləndirməkdir. Donald Trampın hakimiyyətə gəlməsi ilə bu istiqamətdə yeni taktiki yanaşmalar həyata keçirilməyə başlanıb.
Artıq istər Venesuela olsun, istər İran, istərsə də Kuba — ABŞ bu dövlətlərə münasibətdə fərqli üsullarla öz təsir imkanlarını genişləndirməyə çalışır. Hətta Tramp hakimiyyətə gəlməzdən əvvəl Kanadanın ABŞ-ın bir ştatı olması ilə bağlı fikirlər səsləndirmiş, Qrenlandiyanın Amerikanın nəzarətində olmalı olduğunu bəyan etmiş və bu istiqamətdə müəyyən addımlar atmışdı.
Yəni Trampın əsas məqsədi Amerika strategiyasını həyata keçirmək və Amerika imperatorluğunu daha da gücləndirməkdir.
Bildiyiniz kimi, ABŞ üçün üç əsas təhlükə mənbəyi mövcuddur: Rusiyanın hərbi gücü, Çinin iqtisadi gücü və Avropanın ortaq valyutası olan avronun maliyyə gücü.
Bu üç istiqamətdə Bayden dövründə başlanan siyasət Tramp tərəfindən də davam etdirilir. Kuba məsələsinə gəldikdə isə, Kuba hələ Sovet İttifaqı dövründən SSRİ ilə sıx əməkdaşlıq edib və SSRİ-nin varisi kimi Rusiya ilə də bu münasibətlər bu günə qədər davam edir.
ABŞ isə Rusiyanın hərbi təsir imkanlarını öz təhlükəsizliyi üçün risk hesab edir və Kubanı da potensial təhlükə mənbələrindən biri kimi görür. Bu baxımdan ABŞ regionda öz təsirini gücləndirməyə çalışır”.
Politoloq əlavə edib ki, eyni yanaşmanı digər istiqamətlərdə də görmək mümkündür:
“Məsələn, Tramp administrasiyası Meksikaya münasibətdə sərt ritorikadan istifadə edib, Panama kanalının ABŞ-nin nəzarətində olmalı olduğunu açıq şəkildə bəyan edib və bunu Çin gəmilərinin bölgədə sərbəst hərəkəti ilə əlaqələndirib.
Bu baxımdan, Kuba ətrafında baş verən hadisələr də ABŞ-nin ümumi strateji planının tərkib hissəsi kimi qiymətləndirilir.
Sadəcə müxtəlif dövlətlərə münasibətdə fərqli taktiki gedişlər həyata keçirilir. Venesuelada ABŞ hakimiyyəti Nikolas Maduronu narkotiklərlə mübarizə adı altında hədəfə alaraq hakimiyyəti dəyişmək niyyəti güdür. İran məsələsində isə uranın zənginləşdirilməsi proqramı təhlükə kimi təqdim olunur və bu əsasda İranda hakimiyyət dəyişikliyi planları gündəmə gətirilir.
Kuba isə bu siyasətin başqa bir istiqamətidir. Hazırda Kubaya münasibətdə daha fərqli taktika həyata keçirilir. Bildiyiniz kimi, Kuba iqtisadiyyatı zəif vəziyyətdədir, ölkə uzun illərdir iqtisadi blokada və beynəlxalq təcrid şəraitində yaşayır.
ABŞ isə humanitar yardım və sosial dəstək görüntüsü altında Kuba xalqı arasında özünə simpatiya yaratmağa çalışır. Bu yardımların məqsədi Kuba ictimaiyyətində ABŞ-a qarşı müsbət münasibət formalaşdırmaqdır. Çünki uzun illərdir Kubada ABŞ-ın imperialist siyasətinə qarşı ciddi təbliğat aparılır və Kuba xalqı Vaşinqtonun siyasəti barədə məlumatlandırılır.
Hazırda isə ABŞ humanitar yardımlar vasitəsilə ictimai rəyi öz tərəfinə yönəltməyə, Amerika sevgisi yaratmağa çalışır. Müəllifin fikrincə, bu addımlar gələcəkdə Kubaya qarşı mümkün müdaxilə və ya təsir siyasətinin zəminini hazırlamaq məqsədi daşıyır.
Məqsəd odur ki, gələcəkdə ABŞ bölgədə daha sərt siyasət həyata keçirsə, xalqın müqaviməti zəifləsin. Ümumilikdə isə ABŞ-nin əsas məqsədi Amerika imperatorluğunu gücləndirmək, ətrafındakı kiçik dövlətləri öz təsiri altına salmaq və bununla da böyük dövlətlərə qarşı üstünlük və qorxu faktoru yaratmaqdır.
Bu siyasət bu gün də davam edir və istər İran, istər Venesuela, istər Kuba, istərsə də Qrenlandiya məsələsində müxtəlif formalarda özünü göstərir”.
Ayhan
14:50 14.05.2026
Oxunuş sayı: 51