Xarici kapital Qarabağın gələcəyini necə dəyişə bilər?
Qarabağın yenidən qurulması və iqtisadi reinteqrasiyası prosesi beynəlxalq investorların da diqqət mərkəzindədir. Artıq 39 ölkədən Qarabağa investisiya qoyuluşu ilə bağlı müraciətlərin daxil olması regionun böyük iqtisadi potensiala malik olduğunu göstərir.
Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması isə müxtəlif sahələrdə xarici kapitala ehtiyacı daha da artırır.
Xüsusilə kənd təsərrüfatı, yaşıl enerji, turizm, logistika, sənaye və “ağıllı şəhər” layihələri Qarabağ üçün prioritet istiqamətlər hesab olunur. Regionun zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi və nəqliyyat imkanları burada uzunmüddətli investisiya mühiti formalaşdırır.
Bu baxımdan, Türkiyə, Pakistan, Çin, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri kimi həm siyasi, həm də iqtisadi tərəfdaşlarla əməkdaşlıq xüsusi əhəmiyyət daşıya bilər.
Bəs görəsən, Qarabağın inkişafı üçün hazırda ən çox hansı sahələrə investisiya yatırılmasına ehtiyac var və xarici kapitalın cəlbi regionun gələcək iqtisadi modelinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:

“Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində, yəni sülh müqaviləsi bağlandıqdan sonra bir çox sahədə biznes əməkdaşlığı mümkündür.
Nəqliyyat və logistika çox böyük potensial daşıyır. Regionda tranzit marşrutların açılması hər iki ölkənin Orta Asiya, İran, Türkiyə və Avropa arasında körpü rolunu oynamasına imkan verə bilər.
Zəngəzur dəhlizi kimi layihələr həyata keçsə, nəqliyyat infrastrukturu üzrə ortaq investisiyalar gündəmə gələ bilər.
Kənd təsərrüfatı və ərzaq sənayesi də perspektivli sahədir. Hər iki ölkənin güclü aqrar potensialı var - şərab, meyvə, süd məhsulları, zeytun yağı kimi məhsullar üzrə istehsal və ixrac əməkdaşlığı qurula bilər.
Turizm sahəsində birgə regional paketlər hazırlanması mümkündür. Qafqazı bütövlükdə gəzmək istəyən turistlər üçün hər iki ölkəni əhatə edən marşrutlar cəlbedici ola bilər.
Tikinti və infrastruktur sahəsində postmünaqişə ərazilərin bərpası böyük investisiya imkanları yaradır. Material təchizatı, mühəndislik xidmətləri, texnika icarəsi kimi sahələrdə birgə layihələr mümkündür.
Texnologiya və startap ekosistemi baxımından Ermənistanın güclü İT sektoru ilə Azərbaycanın enerji kapitalını birləşdirən birgə texnologiya fondları və startap akseleratorları yaradıla bilər”.
Ekspert əlavə edib ki, enerji sahəsində Ermənistan yenilənən enerji potensialını Azərbaycanın mövcud enerji infrastrukturu ilə inteqrasiya edə bilər; birgə elektrik enerji ixracı layihələri regional miqyasda əhəmiyyətli ola bilər:
“Maliyyə sektoru baxımından isə hər iki ölkə arasında birbaşa bank əlaqələri, ortaq investisiya fondları və sığorta məhsullarının inkişafı mühüm rol oynaya bilər.
Ən böyük çətinlik hər iki cəmiyyətdəki etimadsızlığın dəf edilməsidir, lakin biznes əlaqələri məhz bu etimadın qurulmasında katalizator rolu oynaya bilər”.
Ayhan
15:45 14.05.2026
Oxunuş sayı: 69