Şagirdləri nə gözləyir? - xarici dil imtahanlarında yenilik
Buraxılış imtahanlarında xarici dil üzrə danışıq bacarığının yoxlanılması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, gələcəkdə bu modelin tətbiqi mümkün ola bilər.
Bir tərəfdən, bu yenilik beynəlxalq imtahan standartlarına uyğun olaraq abituriyentlərin dili yalnız test üzərindən deyil, praktik danışıq səviyyəsində də mənimsəməsinə stimul verə bilər.
Digər tərəfdən isə, minlərlə şagirdin iştirak etdiyi buraxılış imtahanlarında belə bir sistemin tətbiqi həm texniki, həm də təşkilati baxımdan ciddi çətinliklər yarada bilər.
Bəs görəsən, danışıq mərhələsinin əlavə olunması imtahanları daha da çətinləşdirəcək, yoxsa bu addım gənclərin real dil bacarıqlarının inkişafına mühüm töhfə verəcək?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Crossmedia.az-a açıqlama verib:

“Xarici dil biliklərinin ölçülməsində, təbii ki, danışıq bacarığının qiymətləndirilməsi çox vacibdir. Çünki bütün beynəlxalq dil öyrətmə və ölçmə imtahanlarında yazma, oxuyub-anlama, danışıq və dinləmə bacarıqları ayrı-ayrılıqda qiymətləndirilir.
İstər IELTS olsun, istər TOEFL. Dövlət İmtahan Mərkəzi artıq bu yanaşmanı doktorantura qəbul imtahanlarında tətbiq edir. Bildiyiniz kimi, həmin imtahanlarda həm test, həm esse yazısı, həm də danışıq mərhələsi mövcuddur. Yəni bu sistem, demək olar ki, beynəlxalq imtahan standartlarına yaxın bir modeldir”.
Ekspert əlavə edib ki, lakin bu sistemin bakalavr səviyyəsində tətbiqi, mənim fikrimcə, çətin görünür:
“Məsələn, 500-600 doktorant üçün bu imtahanın təşkili günlər çəkirsə, hər il 50-60 min abituriyentin iştirak etdiyi bakalavr imtahanlarında danışıq mərhələsini keçirmək daha da mürəkkəb olar.
Bu, yalnız süni intellekt və ya avtomatlaşdırma vasitələri ilə müəyyən dərəcədə asanlaşdırıla bilər, amma yenə də ciddi maddi-texniki infrastruktur tələb edir.
Məsələn, Elektron İmtahanlar Mərkəzində hər gün 200-300 abituriyent üçün belə bir imtahan təşkil olunsa belə, bu proses aylarla davam edə bilər.
Ona görə də, qısa müddətdə bunun reallaşdırılması mümkün görünmür. Lakin uzunmüddətli perspektivdə, bu proses mərhələli şəkildə həyata keçirilə bilər.
Digər imtahanlarla paralel şəkildə Dövlət İmtahan Mərkəzindən danışıq bacarıqları üzrə sertifikat alınması və bunun müxtəlif günlərə, həftə içi və həftə sonlarına bölünməsi mümkündür.
Beləliklə, namizədlər müəyyən vaxt çərçivəsində regional imtahan mərkəzlərinə müraciət edərək bu mərhələdə iştirak edə bilərlər.
Eyni zamanda, gələcəkdə süni intellekt əsaslı proqramların tətbiqi ilə danışıq bacarığının avtomatik qiymətləndirilməsi də mümkün ola bilər. Chatbot və digər interaktiv sistemlər bu prosesdə effektiv vasitə kimi istifadə oluna bilər”.
Ayhan
15:23 14.05.2026
Oxunuş sayı: 81