Zəngilandan verilən mesaj - Ermənistan yenidən köhnə səhvləri təkrarlamamalıdır
Prezident İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər regionda mövcud siyasi vəziyyət və Azərbaycanın əldə etdiyi tarixi qələbənin nəticələri baxımından xüsusi diqqət çəkib.
Dövlət başçısı Ermənistanın siyasi dairələrində hələ də Azərbaycana qarşı nifrət və revanşist düşüncələrin mövcud olduğunu bildirərək, belə qüvvələrin hakimiyyətə gəlməsinin ilk növbədə Ermənistan xalqı üçün ağır nəticələr doğura biləcəyini vurğulayıb.
Prezident çıxışında Azərbaycanın öz torpaqlarını böyük qəhrəmanlıq və fədakarlıq hesabına işğaldan azad etdiyini qeyd edib, şəhidlərin xatirəsini ehtiramla yad edib.
O bildirib ki, Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə nümayiş etdirdiyi qətiyyət, peşəkarlıq və yüksək mənəvi dəyərlər sayəsində beynəlxalq nüfuzunu daha da gücləndirib və ölkəyə olan hörmət əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Məsələ ilə bağlı politoloq Əziz Əlibəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Erənistanda seçkiqabağı dövrdə həm daxili, həm də xarici revanşist qüvvələrin daha fəal mərhələyə keçdiyi müşahidə olunur. Xüsusilə, Karapetyanın keçirdiyi mitinqlər göstərir ki, müxtəlif xarici dairələrin dəstəyi ilə Baş nazir Nikol Paşinyana qarşı ciddi siyasi cəbhə formalaşdırılmağa çalışılır.
Bu proses isə ilk növbədə erməni xalqı üçün risklidir. Çünki terrorçu və revanşist düşüncəli səhra komandirlərinin 30 il ərzində Ermənistanı sürüklədiyi yanlış siyasətin nəticələri regiona ağır fəsadlar gətirib və eyni ssenarinin yenidən təkrarlanması ehtimalı narahatlıq doğurur.
Bu baxımdan, erməni xalqı öz müqəddəratını düşünülmüş şəkildə müəyyən etməlidir. Əgər ölkə yenidən Robert Koçaryan və Serj Sarkisyan siyasi xəttinin revanşist iddiaları ilə hərəkət edərsə, bunun nəticələri Ermənistan üçün daha ağır ola bilər. Regionda davamlı sabitlik və inkişaf üçün tarixi sülh imkanının qorunması və itirilməməsi olduqca vacibdir".
Elmir Heydərli
12:10 12.05.2026
Oxunuş sayı: 61