Faiq Quliyev: Gürcüstandakı soydaşlarımızın problemləri daim diqqət mərkəzində olub
Prezident İlham Əliyev tərəfindən Gürcüstanda yaşayan soydaşlarımızın problemləri daim diqqət mərkəzində saxlanılıb, son 20 il ərzində sosial və infrastruktur layihələrinin icrasına 80 milyon dollardan artıq maliyyə vəsaiti ayrılıb, nəticədə onlarla məktəb, idman mərkəzləri, yollar, uşaq bağçaları və digər mühüm infrastruktur obyektləri inşa edilib.
Crossmedia.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Marneuli şəhərindəki Mədəniyyət Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev deyib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dövründən etibarən Gürcüstanda yaşayan soydaşlarımızın sosial rifahı daim diqqət mərkəzində saxlanılıb.
Diplomat bildirib ki, həmin dövrdə Azərbaycanın üzləşdiyi iqtisadi çətinliklərə baxmayaraq, Ulu Öndərin tapşırıqları əsasında Gürcüstanda yaşayan azərbaycanlıların sosial problemlərinin aradan qaldırılması istiqamətində mühüm layihələr həyata keçirilib.
Səfir vurğulayıb ki, sonrakı illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması ilə Prezident İlham Əliyev tərəfindən də soydaşlarımızın problemlərinə xüsusi diqqət göstərilib:
"Son 20 il ərzində Gürcüstanda yaşayan soydaşlarımız üçün sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 80 milyon dollardan artıq vəsait ayrılıb. Nəticədə onlarla məktəb, idman mərkəzi, yol, uşaq bağçası və digər mühüm infrastruktur obyektləri inşa edilərək istifadəyə verilib".
Faiq Quliyev qeyd edib ki, həyata keçirilən layihələr arasında strateji əhəmiyyət daşıyan təşəbbüslərdən biri də 2013-cü ildən tətbiq olunan tələbələrin illik təhsil haqqlarının ödənilməsi proqramıdır.
Diplomat çıxışında Heydər Əliyevin təşəbbüsü ilə reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrinin bu gün də regionun iqtisadi xəritəsini müəyyənləşdirdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, ümummilli lider Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əsas memarlarından biri olub.
O həmçinin Azərbaycanın taleyüklü dövrlərində Gürcüstan dövlətinin və xalqının göstərdiyi dəstəyi yüksək qiymətləndirib, Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycana mənəvi bağlılığının hər zaman xüsusi ehtiramla qarşılandığını bildirib.
16:05 10.05.2026
Oxunuş sayı: 50