Ankara ilə Brüssel yaxınlaşır: Belçikadan Türkiyəyə strateji mesaj
Belçikanın xarici işlər naziri Maksim Prevost Türkiyənin Avropanın təhlükəsizlik arxitekturasında əvəzolunmaz rol oynadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Nazir “Anadolu” agentliyinə verdiyi müsahibədə “Avropa təhlükəsizlik sistemini Türkiyəsiz təsəvvür etmək mümkün deyil” deyib və Ankaranı NATO-nun mühüm strateji tərəfdaşı kimi qiymətləndirib.
Maksim Prevost qeyd edib ki, Türkiyə Avropa İttifaqına namizəd ölkə olmaqla yanaşı, regional və qlobal proseslərdə təsirli geosiyasi oyunçudur. Onun sözlərinə görə, Ankaranı məhdudlaşdırmaq və ya təcrid etmək düzgün yanaşma deyil.
Nazir həmçinin bildirib ki, Belçika Kraliçası Matilda rəhbərliyində mayın 10–14-də Türkiyəyə genişmiqyaslı iqtisadi missiya həyata keçiriləcək. Təxminən 400 nəfərlik nümayəndə heyətinin səfəri çərçivəsində sosial təminat, nəqliyyat, logistika, aerokosmik və müdafiə sahələrində təxminən 40 sazişin imzalanması planlaşdırılır.
Prevost əlavə edib ki, Türkiyə Belçikanın Avropa İttifaqı xaricində beşinci ən böyük ixrac bazarıdır və ölkənin müdafiə sənayesi son illərdə sürətlə inkişaf edib.
Nazir vurğulayıb ki, Ankara Ukrayna müharibəsi və İran ətrafındakı gərginlik kimi beynəlxalq məsələlərdə mühüm mövqe tutur və çoxtərəflilik prinsipinə sadiqdir.
O, həmçinin Belçikanın Türkiyəni Avropaya açılan əsas qapılardan biri kimi gördüyünü və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
09:50 09.05.2026
Oxunuş sayı: 44