Bakıda “Ortaq mədəniyyət, ortaq irs” mövzusunda tədbir keçirilib
Türkiyənin Ərzurum Diplomatiya Araşdırmaları Mərkəzi (EDAM) Bakı şəhərində “Ortaq mədəniyyət, ortaq irs” mövzusunda tədbir təşkil edib.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərzurum Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə fəaliyyət göstərən mərkəz xaricdə Türkiyənin təmsil imkanlarını və regional prosesləri yerində araşdırmaq məqsədilə səfər proqramına başlayıb. Bu çərçivədə EDAM İdarə Heyətinin sədri Ergün Enginin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib.
Səfər zamanı Yunus Emre İnstitutunun Bakı nümayəndəliyində eyni adlı tədbir keçirilib. Tədbirdə Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, institutun koordinatoru Gökhan Seyhan, EDAM nümayəndələri, akademiklər və tələbələr iştirak ediblər.
Ergün Engin çıxışında bildirib ki, səfərin məqsədi regional geosiyasi və iqtisadi proseslər, eləcə də mədəni diplomatiya istiqamətində yerində müzakirələr aparmaq və sahə məlumatları toplamaqdır. Onun sözlərinə görə, Türkiyənin “yumşaq güc” alətlərinin fəaliyyəti təhlil ediləcək və əldə olunan nəticələr strateji araşdırmalarda istifadə olunacaq.
Tədbirdə həmçinin Qaziantep Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi dosent Sadıq Çətin “Ortaq mədəniyyət və ortaq irs çərçivəsində arxivçiliyin rolu və əhəmiyyəti” mövzusunda çıxış edib.
Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Cəlal İbrahimli isə milli şüur və dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
Sonda EDAM nümayəndələri tərəfindən müxtəlif mövzularda təqdimatlar edilib.
09:50 06.05.2026
Oxunuş sayı: 62