Beş manatlıq gəlin – retro komediya
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı səhnəsində “Beş manatlıq gəlin” tamaşası yenidən teatrsevərlərin ixtiyarına verilib. Görkəmli bəstəkar Səid Rüstəmov və yazıçı Məmməd Səid Ordubadinin müəllifi olduğu səhnə əsəri bu dəfə rejissor Əsgər Əsgərovun yeni quruluşunda təqdim olunaraq diqqət çəkib. Uzun illərdir teatrın repertuarında özünəməxsus yer tutan retro komediya müasir səhnə həlli ilə tamaşaçılara fərqli interpretasiyada çatdırılıb.
Tamaşanın ilk anlarından qurulan dekorasiya izləyicini kənd mühitinə aparır. Yaşıllıq, güllük-gülüstan və sadə həyət kompozisiyası səhnədə nostalji atmosfer yaradır, eyni zamanda əsərin ideya xəttini vizual olaraq tamamlayır. Pərdələr açılan kimi formalaşan bu mühit tamaşaçını hadisələrin baş verdiyi dövrə – SSRİ-də kollektivləşmə mərhələsinə istiqamətləndirir.
Səhnəyə daxil olan kolxozçuların şüarlarla müşayiət olunan çıxışı tamaşanın ictimai-siyasi fonunu daha da aydınlaşdırır. Beləliklə, süjet yalnız məişət münasibətləri üzərində deyil, həm də həmin dövrün sosial reallıqları fonunda inkişaf edir. Kənd sakinlərinin əksəriyyətinin kolxoza qoşulduğu bir şəraitdə, bir ailənin bu prosesə qarşı çıxması əsas dramatik xətti formalaşdırır və hadisələrə həm gərginlik, həm də komik çalar qazandırır.
Hadisələrin mərkəzində 18 yaşlı Naznaz dayanır. O, mövcud mühitdən uzaqlaşmaq üçün evlənməyə can atır. Onun sevdiyi Qiyas isə bu arzunu gerçəkləşdirmək üçün müxtəlif yollar axtarır. Lakin Naznazın atası Məşədinin ilkin etirazı hadisələrin inkişafını mürəkkəbləşdirir. Paralel olaraq, Qiyasın bacısı Gülnazla Naznazın qardaşı Nadir arasında yaranan münasibətlər süjetə əlavə dinamika qatır. Gülnazın qoyduğu şərt – əvvəlcə Qiyasla Naznazın evliliyinin baş tutması – hadisələri daha da dolaşıq və maraqlı edir.
Tamaşa boyu Qiyas və Naznazın gizli görüşləri, onların qarşılaşdıqları maneələr və bu maneələri aşmaq üçün göstərdikləri cəhdlər diqqət mərkəzində saxlanılır. Qiyasın Naznazın atasının razılığını qazanmaq məqsədilə onun evində işləməyə başlaması isə komik situasiyaların yaranmasına səbəb olur. Bu prosesin kulminasiya nöqtəsi Qiyasın zəhmət haqqı kimi cəmi 5 manatlıq istiqraz alması ilə başlayır.
Hadisələrin gedişində Gülnazın təklifi ilə qurulan plan – istiqrazın guya 10 min manat udması barədə yayılan xəbər – süjetdə dönüş nöqtəsi yaradır. Bu məlumat kənddə sürətlə yayılır və Məşədinin qərarlarına birbaşa təsir göstərir. Əvvəl evliliyə qarşı çıxan ata bu dəfə şəxsi maraqları naminə mövqeyini dəyişir.
Məhz bu məqamda tamaşanın adı da məntiqi izahını tapır. Qiyasın istiqrazı qaytarmaq üçün qarşılıq olaraq 5 manat tələb etməsi “Beş manatlıq gəlin” ifadəsinin semantik yükünü açır və əsərin satirik mahiyyətini üzə çıxarır. Hadisələrin sonrakı inkişafı isə Məşədinin tamahının onu necə çıxılmaz vəziyyətə saldığını nümayiş etdirir.
Tamaşanın sonunda Qiyasla Naznazın evliliyi baş tutur. Lakin qurulan hiylənin üstü açıldıqda artıq gec olur – hadisələr geri dönməz məcraya daxil olur. Tamaşa Nadirin azan verməsi ilə başa çatır və bu səhnə həm emosional, həm də rəmzi çalarları ilə yadda qalır.
Nigar Yahyazadə
19:45 04.05.2026
Oxunuş sayı: 71