Bakıda qanunsuz tikinti məsələsi nə zaman həllini tapacaq? - Tarix açıqlandı
Bakıda illərdir davam edən plansız və nəzarətsiz tikinti problemi yenidən gündəmə gəlib. Məsələ təkcə şəhərsalma ilə məhdudlaşmır, həm də təhlükəsizlik və sosial risklər baxımından narahatlıq doğurur. Xüsusilə kanalizasiya və yağış sularını ötürən kollektor xətlərin üzərində inşa edilən yaşayış evləri son dövrlərdə intensiv yağıntılar fonunda daha çox diqqət çəkir. Bir tərəfdə minlərlə insanın yaşadığı evlər, digər tərəfdə isə şəhərin mühüm infrastrukturunun təhlükəsizliyi dayanır.

Əmlak Məsələləri üzrə ekspert Elnur Azadov bu barədə Crossmedia.az-a danışıb: "Son daşqınlardan sonra bəzi evlərdə yaranan fəsadlar və fövqəladə hallar vətəndaşlar, istehlakçılar arasında təşvişə səbəb olub. İstehlakçılar hesab edirlər ki, hətta çıxarışı olan bəzi əmlakların altından kommunikasiya xətləri keçir. Ümumiyyətlə, sənədi olmayan, hüquqi baxımdan tanınmayan qanunsuz tikililərin dövriyyəsi hazırda ciddi şəkildə azalıb. Xüsusilə fərdi evlərin, eləcə də bəzi şübhəli torpaqların alıcılığı xeyli aşağı düşüb".
Ekspertin fikrincə, gələcəkdə bu tip istehlakçıların sayı daha da azalacaq, növbəti illərdə isə bu tendensiya tamamilə zəifləyəcək: " Hazırda tələbatın azalması səbəbindən belə evlərin qiymətlərində də enmə müşahidə olunur. Ümumiyyətlə, ölkədə 2009-cu ildən başlayaraq fərdi evlərin leqallaşdırılması istiqamətində ekspertlər olaraq müxtəlif sorğular aparmışıq, məsələləri qaldırmışıq və mətbuatda işıqlandırmışıq. Qanunsuz evlərin sayı ölkədə təxminən 600-700 min civarındadır, bəlkə də daha çoxdur. Müəyyən addımlar atılsa da, sənədsiz evlərin gələcəkdə necə tənzimlənəcəyi hələ də açıq məsələ olaraq qalır. Bununla bağlı ölkədə hələ tam hüquqi-normativ baza formalaşmayıb. Bu səbəbdən məsələ yaxın bir il, bəlkə d,ə iki il ərzində də açıq qala bilər. Faktiki olaraq, 2023-cü ilin əvvəlində keçirilən bir brifinqdə əmlak məsələləri üzrə hüquq ekspertləri və Ədliyyə Nazirliyi ilə birlikdə bildirilib ki, gələcəkdə vahid portal yaradılacaq və bütün məsələlər həmin platforma üzərindən həll ediləcək. Hətta gələcəkdə bütün daşınmaz əmlak əməliyyatlarının da bu sistem üzərindən aparılması nəzərdə tutulur, lakin hələlik nəticə yoxdur".
Fatimə Məmmədova
18:25 04.05.2026
Oxunuş sayı: 54