Trampın İranla bağlı "oxları daşa dəyib"?
ABŞ və İran arasında gərginlik yenidən kəskin mərhələyə keçib. Vaşinqtonun regionda həyata keçirdiyi təzyiq siyasətinin nəzərdə tutulan nəticəni vermədiyi, prosesin isə çıxılmaz vəziyyətə doğru getdiyi bildirilir. Eyni zamanda, tərəflər arasında aparılan danışıqların da ortaq məxrəcə gətirib çıxarmadığı və vəziyyətin daha da mürəkkəbləşdiyi qeyd olunur.

Mövzunu Crossmedia.az-a şərh edən politoloq Azad Məsiyev bildirib ki, ABŞ-nin İranda apardığı hərbi əməliyyat fiaskoya uğrayıb: "Ağ Ev rəhbəri Donald Trampın məqsədi İranda hakimiyyəti dəyişərək özlərinə münasib bir hakimiyyət qurmaq idi və bunu da açıq şəkildə bəyan etmişdi. Aparılan əməliyyat uzun müddət davam edə bilməz. Çünki hərbi əməliyyat 60 gün davam edərsə, bu zaman Konqresdən icazə alınmalıdır. Tramp da yaxşı bilir ki, bu məsələ Konqresdə müzakirəyə çıxarsa, demokratlar tərəfindən ciddi tənqid olunacaq. Eyni zamanda, bu əməliyyata qeyri-rəsmi məlumatlara görə 100 milyard dollar civarında vəsait xərclənib. Ümumilikdə, ABŞ cəmiyyətində Trampın İran əməliyyatı ciddi tənqid olunur. Tramp da bu tənqidlərdən nəticə çıxararaq İranı atəşkəsə məcbur etmək istəyir və bu atəşkəsi ABŞ-nin qələbəsi kimi təqdim edərək reytinqini yüksəltməyə çalışır. Aparılan rəy sorğularına görə, Trampın reytinqi sürətlə aşağı enərək 30%-ə düşüb. Bu isə qarşıdan gələn Konqres seçkilərində respublikaçıların məğlubiyyəti deməkdir. Əgər Konqres seçkilərində demokratlar qələbə qazanarsa, impiçment məsələsi gündəmə gələ bilər və bu istiqamətdə artıq ciddi müzakirələr aparılır. Tramp İranı sazişə məcbur etməyə çalışır, lakin İran da öz dövlət və milli maraqlarından çıxış edərək özünə sərfəli şərtlər irəli sürür".
Politoloqun sözlərinə görə, 14 maddədən ibarət ABŞ təklifi Pakistan vasitəsilə İrana göndərilib və bu təklifdə elə şərtlər yer alır ki, Trampın ona razılıq verməsi mikan deyil: "Tramp İranı ABŞ-nin maraqlarına uyğun sazişə imza atmağa məcbur etmək və bunu ABŞ cəmiyyətinə qələbə kimi təqdim edərək əməliyyatın fiaskosunu ört-basdır etmək istəyir. Lakin hadisələrin gedişi göstərir ki, İran əməliyyatı ABŞ-də həm iqtisadi, həm də siyasi baxımdan ciddi təsirlər yaradıb. Çünki Trampın müttəfiqləri arasında da ABŞ-yə qarşı çıxışlar artır və NATO daxilində parçalanmalar müşahidə olunur".
A.Məsiyev həmçinin bildirib ki, Hörmüz boğazının bağlanması beynəlxalq ictimaiyyətdə narazılıq doğurur: "Bu, Avropada enerji qiymətlərinin artmasına, eyni zamanda ABŞ-də də enerji bahalaşmasına səbəb olur. İranın strateji beyin mərkəzləri də bunu yaxşı anlayır. Ona görə də elə şərtlər irəli sürülür ki, ABŞ üçün İranın məğlubiyyəti təsdiqlənsin. Bu isə tərəfləri ciddi dilemma qarşısında qoyur. Proses dalana dirənib: nə irəli getmək, nə də geri addım atmaq mümkündür. Tramp isə tez bir zamanda İranla razılaşma əldə etməyə çalışır. İran da ABŞ-nin düşdüyü vəziyyəti anlayır və özünə sərfəli şərtlər irəli sürür ki, bu da Vaşinqton üçün qəbulolunmazdır. Nəticədə proses dalana dirənib və onun uzun müddət davam edəcəyi gözlənilir. Hörmüz boğazındakı vəziyyət isə prosesi daha da mürəkkəbləşdirir".
Fatimə
18:38 04.05.2026
Oxunuş sayı: 46