Nəsillər dəyişir, Azərbaycan idmanının uğurları isə dəyişmir
Azərbaycan güləş məktəbi həm tarixi kökləri, həm də müasir uğurları ilə dünyanın ən güclü mərkəzlərindən biri hesab olunur. Respublikamız müstəqillik qazandıqdan sonra beynəlxalq arenada ən böyük uğurlarını məhz güləş sahəsində əldə edib. Bu, sadəcə idman deyil, həm də bir məfkurədir. Azərbaycan güləşçisi “mərdlik”, ”güc” və ”təvazökarlıq” rəmzi hesab olunur. Güləşə maraq hər bir regionlarımızda uşaq yaşlarından başlayır. Azərbaycanda güləşin niyə bu qədər populyar olduğunu anlamaq üçün onun sadəcə bir idman növü deyil, xalqın mədəni bir parçası olduğunu görmək deməkdır. Bu sevgini formalaşdıran dərin səbəblər var.
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan millisinin Avropa çempionu olması güləşçilərimizin qitənin ən güclü oyunçuları olduqlarını bir daha təsdiqlədi. Yunan-Roma sərbəst güləşi üzrə yığmamız Avropanı fəth etdi. Albaniyada uğur qazanan idmançılarımız ən yaxşı nəticələr əldə edibək Vətənə döndülər. Azərbaycan əvvəlki illərdə olduğu kimi, komanda hesabında Avropa çempionu olaraq 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazandı.
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Prezidenti İlham Əliyev görüşdə idmançılara ünvanlanan səmimi söhbətdə bildirdi: “Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər”.
Güləş Azərbaycanda strateji idman növü hesab olunur. Regionların demək olar ki, hər birində müasir güləş zallarının olması, peşəkar məşqçi korpusunun formalaşması bu idmanın kütləviliyini təmin edir. Dövlət dəstəyi sayəsində Azərbaycan dünya güləşinin mərkəzlərindən birinə çevrilib. Bu dəstək sayəsində Azərbaycan güləşi artıq bir ”məktəb” formasına düşüb. İdmançılarımız bilirlər ki, onların arxasında güclü bir dövlət dayanıb və qazandıqları hər bir qələbə həm mənəvi, həm də maddi cəhətdən layiqincə qiymətləndirilir. Azərbaycanda güləşin bir ”milli idman növü” statusuna yüksəlməsində dövlətin həyata keçirdiyi sistemli siyasət və genişmiqyaslı dəstək proqramları həlledici rol oynayır. Bu dəstəyi bir neçə əsas istiqamətdə qruplaşdırmaq olar. Bu gün ölkənin demək olar ki, bütün rayonlarında müasir avadanlıqlarla təchiz olunmuş komplekslər fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri İlham Əliyevin idman siyasəti, müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu fəaliyyət idmanı sadəcə bir fiziki məşğuliyyət səviyyəsindən çıxararaq, onu milli strategiya, xalqın sağlamlığı və dövlət nüfuzu səviyyəsinə qaldırıb. Cənab Prezident güləşçilərlə olan görüşüdə onu da vurğuladı ki:”...Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin”.
Beynəlxalq arenalarda bayrağımızın ucaldılması gənclərə öz dövləti ilə qürur duymaq hissi aşılayır. Bu ruh, xüsusilə Vətən müharibəsindəki şanlı zəfərimizlə vəhdət təşkil edərək, Azərbaycanın “qalib millət” obrazını tamamlayır. İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövrü Azərbaycan idmanının “Qızıl Dövrü” kimi xarakterizə olunur. Bu dövr ərzində formalaşan infrastruktur və yetişən peşəkar nəsil Azərbaycanın hələ uzun illər dünya idman elitasında öz mövqeyini qoruyub saxlayacağına zəmanət verir.
Dünyanın ən böyük arenalarında minlərlə əcnəbinin ayağa qaldıran idman eyni zamanda ən böyük diplomatiyadır. Azərbaycan himnini dinləməsi ölkəmizin nüfuzunu və gücünü bütün dünyaya nümayiş etdirir, gənc nəsildə vətənpərvərlik hissini gücləndirir. Bayrağımızın ən yüksək zirvəyə qalxması və himnimizin səslənməsi sadəcə bir idman qələbəsi deyil, bir millətin birliyinin, əzminin və dünyadakı varlığının təsdiqidir. Bu qürur hissini bizə yaşatmasında güləşçilərimizin rolu misilsizsizdir.

Afaq Sadıqova
Bakı Dövət Universitetinin elmi işçisi
19:00 04.05.2026
Oxunuş sayı: 49