Azərbaycanın üzləşdiyi mina problemi öz miqyasına görə dünyada nadir hallardandır - RƏY
İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi Azərbaycanın qarşısında duran ən ciddi problemlərdən biri kimi qalmaqdadır. Bu ərazilərdə təhlükəsizlik məsələsi yalnız hərbi deyil, eyni zamanda humanitar və sosial aspektləri ilə də diqqət çəkir. Mina ilə çirklənmiş sahələr insanların öz doğma yurdlarına qayıdışını çətinləşdirir və bərpa-quruculuq prosesini ləngidir. Son illərdə həyata keçirilən genişmiqyaslı təmizləmə işlərinə baxmayaraq, risklər hələ də tam aradan qalxmayıb. Mövcud vəziyyət bu istiqamətdə daha sistemli və davamlı tədbirlərin vacibliyini göstərir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-a açıqlama verib.
Deputat mina təhlükəsinin bu gün Azərbaycanın ən ciddi təhlükəsizlik problemlərindən biri olaraq qaldığını vurğulayıb: "İşğaldan azad olunmuş ərazilərdə vaxtilə ermənilər tərəfindən milyonlarla minanın basdırılması keçmişin mirası kimi həm də bu gün insanların həyatını təhdid edən real təhlükədir. Bu problemin miqyası o qədər böyükdür ki, onun aradan qaldırılması həm milli, həm də beynəlxalq səviyyədə ciddi səylər tələb edir. Azərbaycan bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Müxtəlif qurumlar, o cümlədən BMT agentlikləri texniki dəstək, təlim proqramları və müəyyən maliyyə yardımı göstərirlər. Lakin reallıq ondan ibarətdir ki, ölkənin üzləşdiyi mina problemi öz miqyasına görə dünyada nadir hallardandır. Bu səbəbdən mövcud beynəlxalq əməkdaşlıq faydalı olsa da, onu tam yetərli hesab etmək çətindir. Daha geniş və davamlı dəstəyə ehtiyac açıq şəkildə hiss olunur.
Bununla belə, əsas yükü Azərbaycan dövləti özü daşıyır və bu istiqamətdə sistemli, düşünülmüş siyasət həyata keçirir. Mina təhlükəsi ilə mübarizə təsadüfi şəkildə deyil, xüsusi yaradılmış dövlət qurumu vasitəsilə idarə olunur. Bu sahədə əsas icraçı qurum ANAMA - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyidir".
E.Akimovanın bildirdiyinə görə, agentlik minatəmizləmə işlərini koordinasiya edir, ərazilərin xəritələndirilməsini aparır, riskləri qiymətləndirir, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurur və peşəkar kadrların hazırlanmasını təmin edir: " Bu isə göstərir ki, problemə yanaşma kompleks və peşəkar əsaslara söykənir. Dövlət tərəfindən bu sahəyə hər il əhəmiyyətli maliyyə vəsaiti ayrılır. Müasir texnologiyaların tətbiqi, xüsusi texnikanın alınması və yerli mütəxəssislərin hazırlanması bu siyasətin əsas istiqamətlərindəndir. Artıq minlərlə hektar ərazi minalardan təmizlənib və bu, insanların doğma torpaqlarına qayıdışı üçün real imkanlar yaradıb. Bu proses təkcə torpaq təmizlənməsi deyil, həyatın yenidən qurulması deməkdir. Aydındır ki, 1,5 milyondan çox minanın basdırıldığı və ərazilərin təxminən 12–13 faizinin çirkləndiyi bir şəraitdə ayrılan vəsaitlərin tam kifayət etməsi mümkün deyil. Bu, uzunmüddətli və böyük resurslar tələb edən bir prosesdir. Lakin dövlət bu istiqamətdə maliyyəni davamlı şəkildə artırır və gələcəkdə də artırılması qaçılmaz görünür. Çünki məqsəd yalnız təhlükəni aradan qaldırmaq deyil, həmin ərazilərə təhlükəsiz həyatın, iqtisadi fəaliyyətin və insan nəfəsinin qayıdışını təmin etməkdir".
Müsahibimiz sonda qeyd edib: "Bütün bunların fonunda bir həqiqət aydın görünür: beynəlxalq dəstək mühümdür, lakin həlledici rolu oynayan Azərbaycanın öz siyasi iradəsi, maliyyə gücü və təşkilatlanmış fəaliyyətidir. Dövlətin bu sahədə atdığı addımlar, yaratdığı institutlar və əldə etdiyi nəticələr göstərir ki, mina problemi sistemli və qətiyyətli şəkildə həll olunur. Bu isə həm bu günün təhlükəsizliyi, həm də gələcəyin quruculuğu üçün həyati əhəmiyyət daşıyır".
Fatimə
18:48 04.05.2026
Oxunuş sayı: 51