Yasamal rayonunda 3x3 basketbol idman növü üzrə yarış keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində 3x3 basketbol turniri keçirilib.
Crossmedia.az xəbər verir ki, mayın 1-i Azərbaycan Texniki Universitetin idman zalında baş tutan 3x3 basketbol turnirində YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, “H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Azərbaycan Texniki Universitetinin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva çıxış edərək bildirib ki, Azərbaycanda müasir idman siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzaqgörən və məqsədyönlü strateji kursa əsaslanır. Məhz bu kurs nəticəsində idman sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, gənclərin fiziki və mənəvi inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir, ölkədə idmanın inkişafı üçün yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq standartlara cavab verən idman kompleksləri istifadəyə verilir və Azərbaycan idmançıları üçün geniş imkanlar formalaşdırılır. Qeyd olunub ki, müxtəlif səviyyəli idman yarışlarının təşkili gənclər arasında idmanın kütləviliyinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda qeyd olunub ki, bu yarışlar gənclər arasında dostluq, həmrəylik və sağlam rəqabət mühitinin yaranmasına xidmət edir, onların sosial fəallığını artırır və ictimai həyata daha aktiv qoşulmalarını stimullaşdırır. Çıxışının sonunda Elnarə Mustafayeva yarış iştirakçılarına uğur arzu edib
Sonra 3x3 basketbol yarışı baş tutub. Yarış iştirakçılar arasında yüksək rəqabət şəraitində keçib. Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom və medallar təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.

12:30 01.05.2026
Oxunuş sayı: 70