“Heydər Əliyev və Türk Dünyası” mövzusunda elmi tədbir keçirilib
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı və Xətai rayonu 260 №-li tam orta məktəbin birgə əməkdaşlığı ilə 30 aprel 2026-cı il tarixində “Heydər Əliyev və Türk Dünyası” mövzusunda elmi-maarifləndirici tədbir keçirilmişdir.
Crossmedia.az xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin, onun Azərbaycan xalqı və bütövlükdə Türk dünyası qarşısındakı müstəsna xidmətlərinin gənc nəslə sistemli şəkildə çatdırılması məqsədi ilə təşkil olunmuşdur. Bununla yanaşı, milli birlik və həmrəylik ideyalarının təbliği, bu dəyərlər ətrafında maarifləndirici müzakirələrin aparılması tədbirin əsas istiqamətlərini təşkil etmişdir.
Tədbir Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin moderatorluğu ilə keçirilmişdir. O, açılış nitqi ilə çıxış edərək Heydər Əliyevin dövlətçilik konsepsiyasını Türk dünyası kontekstində dəyərləndirmiş, onun ortaq tarixi-mədəni bağların möhkəmləndirilməsi, türk xalqları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və siyasi əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi siyasətin mahiyyətini diqqətə çatdırmışdır. Cəlal İbrahimli vurğulamışdır ki, Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün də Azərbaycan dövlətinin inkişaf xəttinin əsas dayaqlarından biri olmaqla yanaşı, Türk dünyasında ideya və məqsəd birliyinin güclənməsinə xidmət edir.
Çıxışda eyni zamanda qeyd olunmuşdur ki, ümummilli liderin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynamışdır. Bu siyasi kursun davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər və tarixi uğurlar gənc nəslin diqqətinə çatdırılmalı olan əsas məqamlardandır.
Tədbirin davamında məktəbin direktoru Kəmalə Quliyeva çıxış edərək qonaqları salamlamış, belə elmi-maarifləndirici tədbirlərin məktəb mühitində keçirilməsinin şagirdlərin dünyagörüşünün genişlənməsi, onların milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. O, xüsusilə qeyd etmişdir ki, gənc nəslin dövlətçilik ənənələri və milli kimlik haqqında dolğun biliklərə yiyələnməsi gələcək cəmiyyətin sağlam ideoloji əsaslar üzərində qurulmasına xidmət edir.
Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək Türk dünyasının zəngin ədəbi irsi, tarixi yaddaşı və dil birliyi məsələlərinə toxunmuş, bu ortaq dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırmışdır. O, türk xalqları arasında ədəbi-mədəni inteqrasiyanın gücləndirilməsinin ümumi milli şüurun formalaşmasında xüsusi rol oynadığını qeyd etmiş, dilin və ədəbiyyatın bu birliyin əsas dayaqlarından biri olduğunu vurğulamışdır.
Ardınca millət vəkili Ziyad Səmədzadə çıxışında Heydər Əliyevin Türk dünyasına göstərdiyi çoxşaxəli xidmətlərdən bəhs etmiş, onun təşəbbüsü ilə formalaşan siyasi və iqtisadi əməkdaşlıq modelinin bu gün də uğurla davam etdirildiyini qeyd etmişdir. O, vurğulamışdır ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Türk dünyasında etibarlı tərəfdaş və mühüm strateji mərkəzə çevrilmişdir.
Tədbirdə həmçinin Yunus Emre İnstitutunun koordinatoru Gökhan Seyhan, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov və məktəbin tarix müəllimi Şəhla Verdiyeva çıxış edərək mövzuya müxtəlif aspektlərdən yanaşmış, Heydər Əliyev irsinin siyasi, ideoloji və mədəni mahiyyətini şərh etmiş və onun Türk dünyası ilə bağlı baxışlarının müasir dövrdə də aktuallığını qoruduğunu vurğulamışlar. Çıxışlarda xüsusilə qeyd olunmuşdur ki, bu irsin təbliği yalnız elmi müstəvidə deyil, həm də təhsil mühitində sistemli şəkildə həyata keçirilməlidir.
Tədbir çərçivəsində vurğulanmışdır ki, bu kimi elmi-maarifləndirici təşəbbüslərin ümumtəhsil məktəblərində, eləcə də digər təhsil və mədəniyyət müəssisələrində ardıcıl şəkildə təşkili gənclərin milli kimlik, dövlətçilik ənənələri və Türk dünyası ilə bağlı dəyərlər haqqında sistemli biliklərinin formalaşmasına mühüm töhfə verir.
Ümumilikdə tədbir Heydər Əliyev irsinin elmi müstəvidə təhlili, onun Türk dünyası ilə bağlı ideyalarının ardıcıl şəkildə təbliği və gənc nəslin bu istiqamətdə maarifləndirilməsi baxımından məzmunlu və səmərəli elmi-mədəni platforma kimi yadda qalmışdır.
11:29 01.05.2026
Oxunuş sayı: 104