ABŞ İrana yeni zərbələr endirəcək? - MÜSAHİBƏ
"Axios" portalı mənbələrə istinadən məlumat yayıb ki, ABŞ danışıqlar prosesində yaranmış çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün İrana qarşı endirilə biləcək qısa və güclü zərbələr dalğası planını hazırlayıb.
Qeyd olunub ki, Vaşinqton İranın təklif etdiyi və ona uyğun olaraq ABŞ ilə danışıqlar aparmağa hazır olduğu üçmərhələli planı faktiki olaraq rədd edib. "Tramp İranın Hörmüz boğazını açmaq, blokadanı ləğv etmək və nüvə proqramı üzrə danışıqları təxirə salmaq təklifini rədd edir", - məqalədə bildirilib.
Mənbələrin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana, o cümlədən mülki infrastruktur obyektlərinə qısa və güclü zərbələr dalğası planını hazırlayıb. Zərbələr endirildikdən sonra ABŞ danışıqlar masasına qayıtması və daha çox çeviklik nümayiş etdirməsi üçün İran rəhbərliyinə təzyiq göstərməyi nəzərdə tutur.
Portalın yazdığına görə, Tramp hazırkı mərhələdə dəniz blokadasını Tehrana təzyiqin əsas vasitəsi kimi nəzərdən keçirir, hərbi əməliyyatlar ehtimalını da istisna etmir.
Son zamanlar Yaxın Şərqdə ABŞ–İran qarşıdurması yenidən gərginləşib və bu vəziyyət regionda qeyri-sabitliyi artırır. Məsələ təkcə iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmır, daha geniş geosiyasi və iqtisadi təsirlər yaradır. Xüsusilə sanksiyalar və dəniz ticarət yolları üzərindəki təzyiqlər enerji bazarına birbaşa təsir edir. Eyni zamanda region ölkələri potensial hərbi toqquşmalar və təhlükəsizlik riskləri ilə üz-üzə qala bilər. Bu proseslər beynəlxalq güclərin də bölgəyə daha aktiv müdaxiləsinə səbəb ola bilər.

Politoloq Natiq Miri qeyd olunan mövzu ətrafında Crossmedia.az-ın suallarını cavablandırıb:
- Mövcud durum Yaxın Şərqdə hansı yeni münaqişələri alovlandıra bilər? Region ölkələri bu prosesdə hansı risklərlə üzləşə bilər?
- ABŞ–İran qarşıdurmasında hələlik Tramp administrasiyası İranı iqtisadi boğma siyasətinə üstünlük verir. Bu kontekstdə konkret addımlar da atılır və proses genişləndirilir. Artıq ABŞ-nin bütün dünyadakı səfirliklərinə göstəriş verilib ki, dünya dövlətlərini təbliğat nöqteyi-nəzərindən inandırsınlar və bu blokadaya, yəni ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasına qoşulmağa təşviq etsinlər. Bu da blokadanın və iqtisadi boğma siyasətinin, eyni zamanda tətbiq olunan sanksiyaların gücləndirilməsinə xidmət edir. Çünki blokada məsələnin bir hissəsidir. Bu gün dənizlərdə milyonlarla barrel neft tankerləri dolaşır və bu tankerlər İrana məxsusdur. Həmin neft tankerləri nefti satmaq üçün fəaliyyət göstərir. Ona görə də ABŞ-nin tətbiq etdiyi sanksiyalar, yəni İran neftini alan dövlətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi məsələsi çox önəmlidir. Çünki bu neft ticarətindən imtina edilərsə, İran üçün ciddi problemlər yaradacaq.
Birincisi, neftdən gələn gəlirlər tamamilə minimum səviyyəyə enəcək ki, bu da İran daxilində ciddi problemlər yaradacaq. Digər tərəfdən satılmayan neft İran üçün hasilat prosesində də problemlər yaradır. Çünki neft hasilatı davam edir və bu proses nəticəsində istehsal olunan xam nefti yığmaq üçün anbarlara ehtiyac var. Anbarların da həcmi məhduddur. Bundan sonra ya bütövlükdə proses dayandırılmalı, hasilat saxlanılmalı, ya da neft torpaq üzərinə buraxılmalıdır ki, hər iki variant İran üçün böyük problemlər yarada bilər. Çox ciddi maliyyə və zaman itkiləri ortaya çıxır.
Ona görə də hələlik bu siyasətə üstünlük verilir. Lakin hərbi məsələ də heç zaman diqqətdən kənarda qalmayıb. Çünki bu proseslər paralel həyata keçirilərkən İran üzərində ikili təzyiq yaradır.
- ABŞ-nin İranın təklif etdiyi üçmərhələli planı rədd etməsi danışıqlar prosesini necə dəyişir?
-Bir tərəfdən iqtisadi boğma siyasəti genişləndirilərkən, digər tərəfdən hərbi hazırlıqlar da görülür. İndiyə qədər istifadə olunan sursatlar yenilənir və bərpa olunur. Eyni zamanda zərər görmüş radar sistemləri, o cümlədən hava və raketdən müdafiə sistemləri yenilənir. Çünki məsələ yalnız özünü və İsraili qorumaqla bitmir. İran yenidən müharibə olacağı təqdirdə Körfəz ölkələrini vuracağını bəyan edir.
- ABŞ-nin “qısa və güclü zərbələr” strategiyası real siyasi həllə gətirib çıxara bilərmi?
- ABŞ-nin məsuliyyəti daha böyükdür. Bu ölkələri, xüsusilə ABŞ bazalarını və strateji obyektləri qorumaq üçün daha güclü müdafiə sistemlərinə, eyni zamanda raket və sursatlara ehtiyac var. Bu istiqamətdə hazırlıqlar görülür. Yenidən bombardman əməliyyatları başlanarsa, qlobal səviyyədə, xüsusilə də dəniz ticarətində yeni problemlər ortaya çıxa bilər.
- Bu cür hərbi təzyiq İranın mövqeyini yumşalda bilər, yoxsa daha da sərtləşdirər?
-İranın dəstəklədiyi Yəməndəki proksi husilər, İrana yeni hücum olduğu təqdirdə Qırmızı dənizə keçiddə olan Bab əl-Məndəb boğazını bağlayacaqlarını bəyan edirlər. Bu isə dünya enerji və neft bazarında qiymətlərin yüksəlməsinə səbəb olacaq. Çünki Körfəz ölkələri, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının neft ixrac yolu məhz bu boğazdan keçir. Bab əl-Məndəb təxminən 10–12 faiz dəniz ticarət yolunu təmin edir ki, bu da yeni qlobal iqtisadi böhrana səbəb ola bilər. Belə olduğu təqdirdə digər dövlətlərin enerji məhdudiyyətləri, xüsusilə Çin kimi qlobal güclərin maraqlarına uyğun olmaya bilər və bu itkilərlə nəticələnərsə, Çin kimi dövlətlərin prosesə müdaxiləsi və ya reaksiya verməsi də nəzərə alınmalıdır. Çünki ABŞ, İran və İsrail maraqları kontekstində nəticə olaraq bütün dünya ciddi şəkildə zərər çəkir. Enerji, neft, qaz və digər məhsulların qiymətlərinin qalxması bütün dünya iqtisadiyyatına təsir edir. Eyni zamanda yeni hərbi əməliyyatlar başlayarsa və İran çöküş mərhələsində olduğunu hiss edərsə, hansı addımlar atacağını proqnozlaşdırmaq çətinləşir. İran istənilən ölkəni hədəfə almaqla münaqişəni genişləndirə bilər. Bu cür potensial təhlükələr mövcuddur.
Fatimə Məmmədova
19:45 30.04.2026
Oxunuş sayı: 61