Maliyyə və iqtisadi sabitliyin təmin olunması Azərbaycan üçün başqa hansı dividentlər vəd edir?
Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı söyləyib ki, Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir: "Çox illər ərzində, artıq doqquz ildir ki, valyutamız sabitdir".
Əslində, məzənnənin dəyişməz olaraq qaldığını, 2017-ci ildən etibarən bir dolların 1,7 manat təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Düşünürəm ki, bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir".
Bu gün qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin artdığı bir dövrdə ölkələrin maliyyə sabitliyi xüsusi əhəmiyyət kəsb edir. Belə şəraitdə Azərbaycanın iqtisadi və maliyyə vəziyyətinin sabitliyi diqqət çəkən əsas amillərdən biri kimi qiymətləndirilir. Xüsusilə milli valyutanın uzun müddət dəyişməz qalması iqtisadi siyasətin dayanıqlılığını göstərir.

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Crossmedia.az-a bildirib ki, ümumiyyətlə, xarici sərmayənin yatırılması üçün və biznes partnyorlarının gələcəkdə iqtisadi məsələlərdə müqavilələrinin bağlanması, eyni zamanda müəyyən bölgə müəssisələrinin yaradılması və s. üçün çox mühüm istiqamətlərdən biri valyuta sabitliyidir: "Yəni, valyuta sabitliyi məsələsi iqtisadiyyat üçün əsas sütunlardan biridir. Yəni, yerli və xarici investorlar bir göstərici kimi mütləq şəkildə infrastrukturun nədən ibarət olduğunu — yəni nəqliyyat şəbəkəsi, işçi qüvvəsi, siyasi və regional risklərin mövcudluğunu nəzərə alırlar. Cənubi Qafqaz kimi bir bölgədə investorlar üçün təhlükəsizlik məsələsi ən mühüm amillərdən biridir. Qonşu ölkələrlə münasibətlər, logistika sabitliyi, biznes mühiti — yəni vergi sistemi, hüquqi və institusional mühit, valyuta və maliyyə göstəriciləri — bunlar çox mühüm məsələlərdir. Məhz cənab Prezidentin də qeyd etdiyi kimi, inflyasiyanın nəzarətdə saxlanması, məzənnənin sabit olması, bank və maliyyə sistemində etibarlılığın artması, xarici borc yükünün idarə olunan səviyyədə olması investisiya risklərinin azalması istiqamətində atılan addımlardır. İnflyasiyanın nəzarətdə saxlanması biznes üçün planlaşdırmanı asanlaşdırır. İdxalın və ixracın nə olduğu, qiymət strategiyasının sabit olması xarici investorlar üçün daha böyük əhəmiyyət kəsb edir. Onların etimadı və əməkdaşlığı çox mühüm rol oynayır. Yəni, bu çox mühüm məsələdir. Ona görə də düşünürəm ki, cənab Prezidentin də qeyd etdiyi kimi, valyuta sabitliyi ən mühüm addımlardan biridir və bu istiqamətdə də Azərbaycan öz siyasətini həyata keçirir.
Mehriban Yariyeva
18:30 30.04.2026
Oxunuş sayı: 56