Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələ başlayır- RƏY
Çexiya baş naziri Andrey Babişin bir neçə gün əvvəl Azərbaycana səfəri bir sıra məqamlarla yadda qaldı. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanat zamanı səsləndirilən fikirlər göstərdi ki, iki dövlət arasında münasibətlər bundan sonra da inkişaf edən templə davam edəcək. Azərbaycan lideri qeyd etdi ki, Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdirir.
Planımızın 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 qiqavat əldə etmək olduğunu söyləyən və bunun təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslandığını diqqətə çatdıran döclətimizin başçısı vurğulayıb ki, bunun üçün çoxlu sahə işləri aparılmalıdır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu həm səfər, həm də qeyd olunan fikirlər barədə Crossmedia.az-a danışıb: "Çexiya baş nazirinin Azərbaycana səfərinin bir sıra strateji məqsədləri vardı və bu məqsədlər geniş olduğu üçün ikitərəfli münasibətlərdə bu səfəri Azərbaycan–Çexiya münasibətlərində yenilənmə kimi qiymətləndirmək olar. Önə çıxan məsələlər ilk növbədə enerji təchizatı, kommunikasiya sistemlərinin istismarı, birgə investisiya və iqtisadi əməkdaşlıq idi. Eyni zamanda hərbi sənaye məhsullarının birgə istehsalı məsələləri də müzakirə olunurdu. Göründüyü kimi, günün ən aktual çağırışlarından söhbət gedir və bu da iki ölkənin maraqları daxilindədir".
Deputat qeyd edib ki, Azərbaycan vaxtilə qazma sənayesi ilə məşhur olan coğrafiya kimi tanınsa da, hazırda bərpa olunan enerji ilə də ön plana çıxmağa başlayıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti çıxışlarının birində bərpa olunan enerji mənbələrindən enerji əldə etməyin mümkün olduğunu qeyd etmişdi və bunun da müxtəlif müasir formaları mövcuddur: "Hazırkı texnologiyalar ən qısa marşrutlarla yeni “yaşıl dəhlizlər” yaratmağa imkan verir ki, Çexiya da belə bir enerji mübadiləsində maraqlıdır. Çexiya–Azərbaycan münasibətlərinin həm iqtisadi potensialı, həm də ortaq sənaye yaratmaq potensialı olduqca böyükdür və bu səfər də həmin potensialın reallaşmasına xidmət göstərəcəkdir.
Mehriban Yariyeva
18:01 30.04.2026
Oxunuş sayı: 113