Paşinyan: Sərhədlər Ermənistana qaytarılır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sərhəd təhlükəsizliyi ilə bağlı yeni planlarını açıqlayıb. O bildirib ki, dövlətin imkanları gücləndikcə Ermənistan sərhədçiləri mərhələli şəkildə İran və Türkiyə ilə sərhəd hissələrində xidmət göstərən rus sərhədçilərini əvəz edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Paşinyanın sözlərinə görə, bu proses 1990-cı illərdə əldə olunmuş razılaşmalara uyğun şəkildə tədricən həyata keçirilməlidir və məqsəd sərhəd nəzarətinin tam şəkildə Ermənistan qüvvələrinə verilməsidir.
Baş nazir, həmçinin qeyd edib ki, hazırda Rusiya sərhədçilərinin xidmətinə görə ödəniş edilir və bəzi hallarda bu ödənişlərin artırılması məsələsi də gündəmə gəlib. Onun sözlərinə görə, mövcud maliyyə bu xidmətin təmin olunması üçün kifayət etmir.
Paşinyan əlavə edib ki, rəsmi İrəvan gələcəkdə öz sərhəd qoşunlarının inkişafına daha çox sərmayə yatırmağı planlaşdırır.
16:40 30.04.2026
Oxunuş sayı: 39