CROSSMEDIA - Tramp Ağ Evə qayıdır: hansı fərman və sərəncamlar imzalanacaq
Amerika

Tramp Ağ Evə qayıdır: hansı fərman və sərəncamlar imzalanacaq

ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp yanvarın 20-də Ağ Evə qayıtdığı ilk gün 25-dən çox fərman və sərəncam imzalamaq niyyətindədir. Veriləcək fərmanlar hansı məsələləri əhatə edəcək? Verilən fərmanların dünya səviyyəsində təsirləri nələr olacaq?

Məsələ ilə bağlı politoloq Natiq Miri Crosmedia.az saytına açıqlama verib: "Donald Tramp seçki prosesində konkret vədlərlə çıxış etmiş və bu istiqamətdə açıqlamalar vermişdir. O, əsasən miqrasiya məsələsinə diqqət yetirir. Xüsusən Meksika və Kanadadan gələn miqrantların qarşısının alınması və ABŞ-da məskunlaşmış qeyri-qanuni miqrantların ölkədən çıxarılması ilə bağlı sərəncamların olacağını bildirib. Trampın fikrincə, bu iki ölkə ABŞ-a külli miqdarda narkotik vasitələr gətirir və bu, Amerika cəmiyyətini çirkləndirir. O, Meksika və Kanada hökumətlərini xəbərdar edərək, əgər bu narkotrafikin qarşısı alınmazsa, ABŞ-a narkotiklərin keçirilməsi davam edərsə, həmin ölkələrə qarşı vergi rüsumlarının dəfələrlə artırılacağını bildirib. Əvvəlcə 25%, daha sonra isə daha yüksək vergi rüsumlarının tətbiq ediləcəyi ilə onları hədələyib. İlkin sərəncamların bu istiqamətdə olması gözlənilir".

Natiq Miri sərəncamların ABŞ iqtisadiyyatına təsirini qeyd edib: "Bununla yanaşı, Tramp ilk iş günündən etibarən dünyada sülhün təmin edilməsi üçün konkret addımlar atacağını vəd edib. Bu kontekstdə bir sıra fərman və sərəncamların verilməsi ehtimal olunur. İqtisadi sahədə isə vergi siyasətinə dair konkret qərarların qəbul ediləcəyi gözlənilir. Eyni zamanda, Bayden administrasiyasının dövründə respublikaçıların, xüsusən də Trampın xoşuna gəlməyən bir çox qərarın ləğvinə dair fərmanların veriləcəyi ehtimal olunur. Trampın prioritetlərindən biri də ABŞ-da istehsal müəssisələrinin stimullaşdırılmasıdır. Onun əsas məqsədi istehsalı ölkə daxilində artırmaqla həm iş yerlərinin sayını çoxaltmaq, həm də gəlirlərin birbaşa ABŞ büdcəsinə yönləndirilməsini təmin etməkdir. Birinci prezidentlik dövründə də Tramp digər ölkələrdə fəaliyyət göstərən ABŞ korporasiyalarını ölkəyə qaytarmağa çağırış etmişdi və bu siyasətin davam edəcəyi gözlənilir".

Politoloq Trampın sərəncamlarının dünyadakı münaqişə ocaqlarına necə təsir edəcəyindən də danışıb: "ABŞ-ın əsas prioritetlərindən biri də qlobal müharibələrin dayandırılmasıdır. Bu səbəbdən Rusiya-Ukrayna münaqişəsi kontekstində və yaxın Şərqdə, xüsusən İsrail-Həmas münaqişəsi, Livandakı Hizbullah və İrana dair konkret qərarların veriləcəyi ehtimal edilir. Lakin qeyd etmək lazımdır ki, Tramp praqnozlaşdırılması çətin bir liderdir. Buna görə də onun atacağı addımları dəqiq şəkildə proqnozlaşdırmaq çətindir. Bununla belə, onun seçki kampaniyası zamanı verdiyi vədləri nəzərə alaraq, ilkin mərhələdə bu istiqamətlərdə addımlar atacağı düşünülür".

Ayhan Ağarzayev

12:41 12.12.2024

Oxunuş sayı: 6357

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR