Türkiyə Suriyadakı vəziyyətdən narahatdır – Politoloqdan AÇIQLAMA
Suriyada baş verən son hadisələr, yaranan mürəkkəb vəziyyət bir çox ölkənin maraqlarını qarşı-qarşıya qoyub və bölgədə dinamikanı köklü şəkildə dəyişib.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Suriyada baş verən son hadisələr bölgədəki qüvvələr arasında münaqişələrin artmasına səbəb olub:
“Suriyada baş verən hadisələr Amerika Birləşmiş Ştatlarının 2010-cu ildə başlatdığı ərəb baharının məntiqi sonluğudur. O dövrdə ABŞ ərəb ölkələrində demokratik ideyalar altında çevrilişlər həyata keçirərək özlərinə münasib adamları hakimiyyətə gətirdi. Suriyada da bu prosesi həyata keçirmək istəsələr də, Bəşər Əsəd Rusiyanın dəstəyi ilə hakimiyyətdə qaldı. Buna baxmayaraq, ABŞ uzun müddət Əsəd rejiminə təzyiq göstərdi və müxalifəti dəstəklədi”.
Politoloqun sözlərinə görə, Yaxın Şərqdə mürəkkəb bir vəziyyət yaranıb:
“İran, Rusiya, Türkiyə və İsrail kimi ölkələr bu bölgədə toqquşmaqdadır. ABŞ Suriyada özlərinə münasib hakimiyyət qurmaq istəyir. Türkiyə isə Suriyadakı vəziyyətdən narahatdır, çünki PKK-nın müxtəlif qanadları burada fəaliyyət göstərir. Türkiyə Suriyada ABŞ-nin təsirinin artmasından narahatdır, çünki bu, PKK-nın fəaliyyətini gücləndirə bilər.
Suriyada müxtəlif maraqlar toqquşur və bu vəziyyət Azərbaycan da daxil olmaqla, region ölkələrinə təsir edə bilər. ABŞ-nin Suriyanı parçalamaq niyyəti, oradakı türkmən toplumuna muxtariyyət yaratma haqqı da daxil olmaqla, bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir. Türkiyə bu proseslərdə prinsipial mövqe nümayiş etdirməli və öz maraqlarını qorumağa çalışmalıdır”.
Samirə Şərif
09:23 12.12.2024
Oxunuş sayı: 10063