İran niyə danışıqlardan boyun qaçırır?- Əsl səbəb açıqlandı
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqayi ölkəsinin ABŞ ilə danışıqların ikinci raundundan imtina etdiyini bildirib. O, söyləyib ki, İran hakimiyyəti hələlik ABŞ ilə münaqişənin həlli üzrə yeni danışıqlar raundunda iştirak etməyi planlaşdırmır.
"Yeni danışıqlar raundu ilə bağlı planımız yoxdur", - deyə o qeyd edib.
Bəqai Vaşinqtonun tətbiq etdiyi hərbi-dəniz blokadasını və Livanda atəşkəs rejiminin ehtimal edilən pozuntularını qeyd edərək nəzərə çatdırıb ki, ABŞ-nin addımları diplomatik prosesə qeyri-ciddi münasibətdən xəbər verir.
ABŞ nümayəndə heyətinin İranla danışıqlar raundunun keçirilə biləcəyi İslamabada yollanmaq qərarını şərh edən İran XİN nümayəndəsi qeyd edib ki, bu, onların şəxsi işidir.
O həmçinin bildirib ki, Tehran danışıqların heç bir raundunda - nə indiki, nə də keçmiş - zənginləşdirilmiş uranın ABŞ-yə və ya üçüncü ölkələrə çıxarılması ehtimalını Vaşinqtonla müzakirə etməyib.
Onun sözlərinə görə, İran hakimiyyəti prinsip etibarilə belə bir variantı nəzərdən keçirmir.
Məlumdur ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.
ABŞ Prezidenti Donald Tramp aprelin 15-də İran limanlarının dəniz blokadasının saxlanılmasına baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan etdi. Bu addım Çinlə münasibətlərin qorunub saxlanılması üçün atılmışdı. Daha sonra, aprelin 18-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bunu atəşkəs razılaşmasının pozulması və İran limanlarının ABŞ hərbçiləri tərəfindən davam edən blokadası ilə əsaslandıraraq, Hörmüzün bağlandığını elan edib.
Tehranın danışıqların ikinci raundundan imtina etməsi fərqli suallar yaradır. Bəzi ekspertlərin fikrincə, müharibə yenidən başlaya bilər.

Bu barədə Crossmedia.az-a danışan türkiyəli politoloq Cantürk Caner söyləyib ki, İran müharibəni balanslaşdırdığına inanır və ABŞ-ni küncə sıxışdırmaq istəyir, xüsusən də Hörmüz boğazı böhranını sövdələşmə vasitəsi kimi saxlamaqla: "çünki başqa seçimi yoxdur. Quru müharibəsinin qaçılmaz olduğunun fərqindədir və potensial quru müharibəsi üçün hərbi hazırlıqlarını tamamlamaq üçün vaxt qazanmaq istəyir. Şübhələnirəm ki, bu baxımdan Çin və Rusiyadan dəstək alır. Buna görə də danışıqları uzatmaqla vaxt qazanmağa çalışır. İkincisi, Qərb dünyası üçün diplomatiya və danışıqlar məqsədə çatmaq üçün bir vasitədir. Onlar nəticə əldə etmək üçün aparılır. Lakin Şərq dünyası, xüsusən də İran üçün danışıqlar asanlıqla bitməyən bir səyahətdir. İran mümkün qədər çox nəticə əldə etmək, mümkün qədər çox üstünlük əldə etmək istəyir. İran müəyyən dərəcədə bundan istifadə edir. Başqa sözlə, danışıqlar nə qədər uzun sürərsə, İranın əldə edəcəyi güzəştlər bir o qədər çoxdur. Üstəlik, Hörmüz boğazı böhranı səbəbindən dünyanın ABŞ-yə qarşı qəzəbini və ya reaksiyasını maksimum dərəcədə artırmaq istəyir".
Ekspert əlavə edib ki, İranın burada rolu əsasən vaxt qazanmaq və maraqlarını maksimum dərəcədə artırmaqdır: "Üçüncü amil də var. O da İranın öz daxilindəki qarışıqlıqdır. Başqa sözlə, İran daxilində güc mərkəzlərinin formalaşdığı aydındır. Yəni dini lider Müctəba Xamneyi, seçilmiş hakimiyyət və İran İslam İnqilabi Keşikçilər Korpusu üç əsas güc kimi ortaya çıxıb. Düşünürəm ki, dini liderin imkanları daha azdır. Bəlkə də, o, artıq ölüb və ya ağır yaralamıb. Ona görə də qərar qəbul edə bilmir. Bu kontekstdə İranda hakimiyyət problemi var və bu, getdikcə daha aydın görünür. Buna görə də Trampın tez-tez verdiyi açıqlamalar ziddiyyətlərlə doludur. Tramp İran tərəfindən ziddiyyətli bir vəziyyətə salınır".
Politoloq düşünür ki, ABŞ-də Müharibə Nazirliyi (Pentaqon) Ağ Ev arasında münaqişə və ya fikir ayrılığı mövcuddur: "Bütün bu parametrlər birlikdə nəzərdən keçirildikdə, danışıqların, xüsusən də İran tərəfindən uzadılması və daha yüksək gözləntilərin yaradılması belə bir mənzərəni ortaya qoyur".
18:48 20.04.2026
Oxunuş sayı: 64