Putin Paşinyana "barmaq silkələyir": Rusiya Ermənistanda nəyə hazırlaşır?
Rusiya xaricdə həbsdə və ya təqib altında olan vətəndaşlarını “qoruma” adı ilə hərbi müdaxiləyə qədər gedə bilən yeni yanaşma ortaya qoyub. Bu addım beynəlxalq hüquqda ciddi mübahisələr doğurmaqla yanaşı, region ölkələrinə, xüsusilə də Azərbaycan və Ermənistana yönəlmiş siyasi təzyiq kimi qiymətləndirilir. Söhbət təkcə hüquqi müstəvidən yox, həm də siyasi təsir rıçaqlarının genişləndirilməsindən gedir: Rusiya vətəndaşı olan biznes dairələri və ruspərəst fiqurların həbsi və ya nəzarətdə saxlanılması bu mexanizmin əsas arqumentinə çevrilə bilər.
Crossmedia.az-a açıqlama verən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov hesab edir ki, məsələyə daha çox Ermənistan aspektindən baxmaq lazımdır: "Azərbaycana bu cür qanunun qəbulu və ya belə addımların olması ciddi təsir göstərməz. Amma Ermənistana təsir edə bilər. Çünki Ermənistanda 2026-cı il iyunun 7-də parlament seçkiləri keçiriləcək. Rusiya çalışır ki, orada özünə yaxın namizədlərin hakimiyyətə gəlməsinə təsir göstərsin. Hazırda Ermənistanda Paşinyan hakimiyyəti ilə Rusiya arasında ciddi qarşıdurma müşahidə olunur və bu qarşıdurma müxtəlif sahələrdə özünü göstərir. Rusiyanın belə bir qanunu qəbul etməsi beynəlxalq hüquq baxımından da mübahisəlidir. BMT Təhlükəsizlik Şurasının 51-ci maddəsi silahlı hücum zamanı özünümüdafiə hüququnu nəzərdə tutur. Xaricdə bir vətəndaşın həbs olunması və ya onunla bağlı cinayət təqibi aparılması özlüyündə silahlı hücum sayılmır və bu baxımdan 51-ci maddə ilə ziddiyyət təşkil edir".
M. Cəbrayılov qeyd edib ki, beynəlxalq hüquqda belə hallara görə hərbi müdaxiləni əsaslandıran normal hüquqi baza yoxdur: "Ermənistan kontekstində baxsaq, orada Rusiyalı iş adamı Samvel Karapetyan məsələsi var idi. O, həbs olunmuşdu və daha sonra ev dustaqlığı ilə əvəz edilmişdi. Hazırda Rusiya onunla bağlı cinayət işinin aradan qaldırılmasına və onun siyasi proseslərə, o cümlədən seçkilərə qoşulmasına çalışır. Seçkilərdə onun namizədliyinin irəli sürülməsi ehtimalı var. Həmçinin keçmiş prezident Robert Köçəryanın da namizədliyini irəli sürməsi ehtimal olunur. Bu baxımdan Rusiya bunu Ermənistan daxilində təzyiq və çəkindirmə siyasəti kimi istifadə edə bilər. Yəni, “sən mənim adamlarıma siyasi imkan verməsən, biz də öz vətəndaşlarımızın hüquqlarını qorumaq adı ilə müdaxilə edə bilərik” kimi bir yanaşma formalaşa bilər. Bu isə Ermənistan üçün ciddi təzyiqlər yarada bilər. Başqa dövlətin ərazisinə “vətəndaşların qorunması” adı ilə qoşun yeritmək beynəlxalq hüquqda qəbul olunmuş legitim əsas kimi çıxış etmir. Rusiya əvvəllər də bu cür yanaşmanı Gürcüstan istiqamətində tətbiq etmişdi. O dövrdə Abxaziya və Cənubi Osetiya məsələsində “vətəndaşların müdafiəsi” arqumenti ilə hərbi müdaxilə həyata keçirilmişdi. Amma beynəlxalq hüquq baxımından bu cür addımların legitimliyi geniş şəkildə qəbul olunmur və bu tip müdaxilələr normativ hüquqi sənədlərlə dəstəklənmir".
Müsahibimiz sonda əlavə edib ki, məsələ daha çox seçilərə hesablanıb: " Azərbaycan isə müstəqil dövlətdir və müstəqil siyasət aparır. Hər hansı bir vətəndaş Azərbaycan ərazisində cinayət törədibsə və hüquq pozuntusu olubsa, onunla bağlı hüquqi prosedurlar ölkə daxilində həll olunur. Bunu əsas gətirərək Azərbaycana hər hansı müdaxilə ehtimalını real hesab etmirəm. Amma Ermənistan üçün bu cür ssenarilər daha mümkün görünə bilər. Xüsusilə də Rusiyanın orada hərbi mövcudluğu və hərbi bazalarının olması fonunda bu kimi təsir imkanları nəzəri olaraq daha yüksək qiymətləndirilə bilər ".
Fatimə
09:50 18.04.2026
Oxunuş sayı: 69