Xaricdə təhsil üzrə namizədlər müsahibəyə çağırılır
Dövlət Proqramına qəbul çərçivəsində 2026–2027-ci tədris ili üzrə müsahibə mərhələsinə start verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Proqramının İdarəetmə Qrupu məlumat yayıb.
Bildirilib ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.
15 aprel – 5 iyun tarixlərini əhatə edən sənəd qəbulu dövründə dünyanın 21 ölkəsində yerləşən 106 ali təhsil müəssisəsi üzrə ümumilikdə 1221 namizəd müraciət edib. Müraciət edənlərdən 271 nəfər dünya reytinqlərində ilk 10-luqda yer alan ali təhsil müəssisələrindən qəbul əldə edib.
Namizədlərin ən çox üstünlük verdiyi ölkələr Böyük Britaniya, ABŞ, Türkiyə, Avstraliya və Çin olub. Ən çox seçilən ixtisas istiqamətləri isə informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, həmçinin dövlət idarəetməsi sahələri olub.
Dövlət Proqramının tələblərinə cavab verən və sənədlərini uğurla təqdim edən namizədlərlə iyunun 8-dən etibarən müsahibələrə başlanılıb. Müsahibə mərhələsi ilə bağlı məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri vasitəsilə təqdim olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 12 avqust 2024-cü il tarixli sərəncamına əsasən, Dövlət Proqramı üzrə illik qəbul kvotası 500 nəfərədək müəyyən edilib. Kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edir.
18:15 08.06.2026
Oxunuş sayı: 49