Sosium

Hər kəsin ürəyində "Vətəndaş A" olaraq qalsaq yaxşı olar

Cəfər Cabbarlının "Almaz" pyesindən ilhamlanaraq yaradılan və ekran qarşısında müzakirələrə səbəb olan "Vətəndaş A" serialı final bölümü ilə sona çatdı. Həm tamaşaçıların, həm də komandanın gözləntiləri və təəssüratları fonunda serialın təsirləri geniş müzakirə olunmaqdadır.  Bəs yaradıcı heyətin bu layihəyə olan münasibətini necədir? 

"Vətəndaş A” serialının quruluşçu rejissoru Elvin Rüstəmzadə verilən sualları cavabsız qoymadı.

"Biz kanala müxtəlif mövzularda fərqli serial sinopsisləri təqdim etdik və içlərindən Cəfər Cabbarlının "Almaz" pyesi seçildi. Daha sonra "Almaz" adını dəyişmək qərarına gəldik. Komanda olaraq toplaşdıq və ad üzərində müzakirələr başladı. Sonda serialın adını "Vətəndaş A" qoyaq dedim. Bəyəndiyim filmlərdən olan  Orson Uellsin "Vətəndaş Keyn" filmindən ilhamlanaraq serialın adını "Vətəndaş A" qoymaq fikrini irəli sürmüşdüm. Və, hamılıqla razılaşıldı və ad belə də qaldı.

Hazırlıq vaxtı əsas çətinlik aktyorları təyin etmək oldu. Çünki, Vətəndaş A serialında obraz sayı ölkəmizdə çəkilən digər seriallardakı obraz saylarına nisbətdə çoxdur. Təbii bu hall rejissor olaraq yükümü artırdı. Həmçinin çəkiliş vaxtdı maraqlı məqamlar çox olurdu. Belə ki, dağın başında, serialda Almazın evi kimi göstərilən evdə çəkiliş edirdik. Həyətdə üzüm tənəkləri vardı, kadrlar üçün istifadə etmişdik. Bir gün gəldik, gördük ki, tənəklər yox olub. Ev sahibi yaşlı  həyət səliqəli görünsün deyə, üzüm tənəkləri kəsib atmışdı. Kömək etmək istərkən, çəkilişə böyük maneə yaratmışdı".

Sonda Elvin Rüstəmzadə gələcək layihəsi "Otel Loo" adlı komedya janrında olan filmdən də danışdı. Onun sözlərinə görə, filmin fevral ayında kinoteatrlara çıxışı nəzərdə tutulub.

Azərbaycan xalq artisti, "Vətəndaş A" serialının Hacı Əhmədi - Qurban İsmayılov da serial haqqında öz fikirlərini qeyd etdi.  Onun sözlərinə görə, serialda əksini tapan bir çox problemlər mövcuddur:

"Yaşı çatmayan halda qızların ərə verilməsi, bəzi iş adamlarının kimlərinsə torpaqlarıni, mülkiyyətini ələ keçirilməsi kimi problemləri nəzərdə tuturam.
 
Həmçinin serialda kəndə gələn müəllimin mübarizə aparma istəyi var. Mənə elə gəlir ki, tamaşacılarıda daha çox mübarizənin sonu maraqlandırırdı.
Bununla yanaşı Hacı Əhmədə gəldikdə isə o, dindar deyildi o iş adamı idi. Həccə gedib gəlmək, namaz qılmaq Hacı Əhmədin dindar olmasını əsaslandırmır. Həmçinin Hacı Əhməd özünə sərf etdikdə o dəyərləri ortaya gətirirdi. Sərf etmədikdə heç o dəyərlər haqqında düşünmürdü belə.

İzləyiciərin yazdığı rəylərdən görürəm ki, gənclər bu mühafizəkar dəyərlərin çoxunu qəbul etmir. Amma düşünürəm ki, günümüzdə bəzi yaxşı dəyərlərimiz qalmalıdır".

Son olaraq aktyorun sözlərinə görə, ən sevdiyi səhnərdən biri Hacı Əhmədin Ülvini fitnəliyib Fettahı bıcaqlamağa göndərməsi və daha sonra özünün həmin an günahlarının bağışlanması, təmizə çıxmaq  üçün dua etməsi idi.


Final bölümünə gəldikdə isə prodüser Sevinc Əliyevanın sözlərinə görə, serialın 12 seriya olması əvvəldən nəzərdə tutulmuşdu:
"Həmçinin keçən il 71-72 gün 12 bölümün çəklişləri baş tutdu.  Final bölümü haqqında hər kəsdən xoş rəylər aldıq. Həmin günü özümlə, komandamla çox qürur duydum. Demək ki, peşəkarlar bir araya toplaşanda yaxşı bir iş ərsəyə gətirmək olar.  Tamaşaçılar 2-ci sezonun cəkilməsini çox istəsələrdə amma  düşünürəm ki, hər bir şey qədərində gözəldir. Və hər kəsin ürəyində "Vətəndaş A" olaraq qalsaq daha yaxşı olar".

Elnurə Kərimova

15:10 11.12.2024

Oxunuş sayı: 6646

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR