Sükanı azyaşlıya etibar edən valideynlər nə düşünürlər?!
Binəqədi rayonu ərazisində qeydə alınan qayda pozuntusu ilə bağlı yayılan videogörüntülər hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hadisənin ictimai rezonans doğurması yol hərəkəti təhlükəsizliyi məsələlərinin bir daha diqqət mərkəzinə çıxmasına səbəb olub. Araşdırma nəticəsində müəyyən edilib ki, sürücü Telman Rüstəmov idarə etdiyi “Hyundai” markalı avtomobilin sükanını azyaşlıya həvalə edib. Bu səbəbdən o, qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub. Mütəxəssislər belə halların həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaratdığını vurğulayaraq, valideynləri və nəqliyyat vasitəsi sahiblərini bu kimi qanun pozuntularına yol verməməyə çağırırlar.

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Birinci növbədə qeyd edilməlidir ki, avtomobilin nəzarətsiz şəkildə buraxılması və eyni zamanda işlək vəziyyətdə saxlanılması nəqliyyat vasitəsinin istismar qaydalarının pozulması hesab olunur. Bu hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə tənzimlənir. Əgər azyaşlıların iştirakı ilə baş vermiş hadisə ölüm faktı ilə nəticələnərsə, məcəllənin 263.2-ci maddəsinə əsasən cinayət işi başlanılır. Həmin maddəyə uyğun olaraq, təqsirli şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə yanaşı, 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər".

Nəqliyyat üzrə ekspert Aslan Əsədov isə azyaşlılara sükanın etibar edilməsinin özlüyündə ciddi həyati risk daşıyan bir məsələ olduğunu qeyd edib: "Azyaşlıların avtomobili idarə etməsi təhlükəlidir və bunun bir neçə mühüm səbəbi vardır. İlk növbədə, azyaşlılar bu məsuliyyətə tam hazır olmur, vəziyyətin ağırlığını və yol hərəkəti qaydalarının ciddiyyətini yetərincə dərk etmirlər. Eyni zamanda, onların emosional və psixoloji hazırlığı da kifayət səviyyədə olmur; təcrübəsizlik və qorxu faktoru qərarvermə qabiliyyətinə mənfi təsir göstərir. Bu səbəbdən azyaşlıların sükan arxasına keçməsi yolverilməzdir və həm onların, həm də digər vətəndaşların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır".

Sosioloq Əhməd Rəhmanov isə İlk növbədə insan övladını hər cür maddi varlıqdan – atdan, maşından, evdən, ümumiyyətlə əmlakdan üstün tutmalı olduğunu qeyd edib: "Bu, hər bir valideyn üçün dəyişməz prioritet olmalıdır. Bəzən belə bir düşüncə formalaşıb ki, əgər övlad at sürürsə və ya bu cür bacarıqlara yiyələnirsə, bu artıq onun “kişi” kimi formalaşmasının göstəricisidir. Tarixi baxımdan bu yanaşmanın müəyyən əsasları olsa da, onu müasir dövrlə eyniləşdirmək doğru deyil. Keçmişdə əcdadlarımız at minərkən həm özlərini, həm də övladlarını müəyyən risklərə məruz qoyurdular. Lakin bu gün biz sivil cəmiyyətdə yaşayırıq və reallıqlar tamamilə dəyişib. Müasir dövrdə nəqliyyat vasitələrindən istifadə yalnız fərdi məsələ deyil, eyni zamanda ictimai məsuliyyət tələb edən bir sahədir. Bəzi insanlar avtomobili açıq ərazilərdə sürməyi “adrenalin” və zövq mənbəyi kimi qiymətləndirirlər. Onlar bunu sanki dənizdə dalğalarla mübarizə aparan insanın hissləri ilə müqayisə edirlər. Halbuki, real sürücülük bacarığı məhz digər nəqliyyat vasitələrinin olduğu mühitdə formalaşır və ölçülür. Təəssüf ki, bəzi valideynlər bu məqamları nəzərə almadan azyaşlı uşaqlara avtomobil idarə etməyə icazə verirlər. Uşağa texniki biliklər aşılamaq, ona avtomobil haqqında anlayış vermək təqdirəlayiqdir. Lakin sükan arxasına buraxmaq və onu müstəqil şəkildə idarə etməyə yönləndirmək həm təhlükəlidir, həm də yolverilməzdir. Bu davranış yalnız qanunların pozulması deyil, eyni zamanda insanlıq prinsiplərinə ziddir. Çünki burada söhbət təkcə bir fərdin deyil, cəmiyyətin təhlükəsizliyindən gedir. Əgər sükan arxasında oturan azyaşlı hər hansı bir insana zərər yetirə biləcəksə və valideyn bunu bilə-bilə buna şərait yaradırsa, həmin valideyn mütləq məsuliyyət daşımalıdır. Unutmamalıyıq ki, biz avtoritar mühitdə deyil, cəmiyyət daxilində yaşayırıq və hər birimizin davranışı digərlərinin təhlükəsizliyinə birbaşa təsir edir. Buna görə də bu kimi məsələlər daha geniş şəkildə müzakirə olunmalı və ictimai şüurda düzgün mövqe formalaşdırılmalıdır".
Elmir Heydərli
10:01 12.04.2026
Oxunuş sayı: 92