Paşinyan parlament seçkilərində üstünlüyünü qoruyub saxlaya biləcəkmi?
Ermənistanda keçirilən ictimai rəy sorğuları göstərir ki, ölkənin baş naziri Nikol Paşinyan parlament seçkiləri ərəfəsində fərdi populyarlıq baxımından hələ də siyasi rəqiblərini qabaqlayır.
Bununla belə, Ermənistanın siyasi mühiti təkcə fərdi reytinqlərlə deyil, həm də müxalifətin təşkilatlanma səviyyəsi, seçici davranışı və seçki kampaniyasının gedişi kimi amillərlə müəyyən olunur.
Maraqlı məqam ondan ibarətdir ki, müxalif düşərgə ayrı-ayrılıqda zəif görünsə də, ümumi elektorat bazası baxımından müəyyən potensiala malikdir. Bu isə seçkilərin yekun nəticələrinin əvvəlcədən birmənalı proqnozlaşdırılmasını çətinləşdirir.
Belə bir şəraitdə əsas suallar aktuallaşır: mövcud üstünlüyünü qoruyan Paşinyan hakimiyyətini davam etdirə biləcəkmi? Müxalif qüvvələr vahid mövqedən çıxış edərək seçkilərdə ciddi nəticə əldə edə biləcəklərmi?
Ümumiyyətlə, Ermənistanın hazırkı siyasi balansı fonunda parlament seçkilərinin nəticələri necə formalaşa bilər və hakimiyyət dəyişikliyi ehtimalı nə dərəcədə real görünür?
Bu suallar ətrafında aparılan təhlillər seçki prosesinin yalnız reytinqlərlə deyil, həm də siyasi koordinasiya, inzibati resurslar və seçici fəallığı kimi çoxşaxəli faktorlarla müəyyən olunacağını göstərir.
Mövzu ilə bağlı politoloq Fuad Abdullayev Crossmedia.az-a açıqlama verib:

"Son dövrlərdə Ermənistanda keçirilən müxtəlif ictimai rəy sorğuları göstərir ki, hakim komandanın lideri Nikol Paşinyan ayrı-ayrı müxalif partiyalarla müqayisədə hələ də daha yüksək fərdi reytinqə malikdir.
Fikrimizcə, bu vəziyyət müəyyən mənada Ermənistanın siyasi sisteminin struktur xüsusiyyətləri ilə də bağlıdır. Belə ki, ölkədə müxalifət kifayət qədər parçalanmış vəziyyətdə fəaliyyət göstərir və bir çox hallarda vahid siyasi platforma və ortaq siyasi strategiya formalaşdırmaqda çətinlik çəkir.
Nəticədə Paşinyan bir lider kimi ayrı-ayrı partiyalara nisbətən daha yüksək dəstəyə sahib görünür. Lakin qeyd etmək lazımdır ki, eyni sorğuların daha diqqətli təhlili göstərir ki, müxalif qüvvələrin ümumi reytinqi bəzi hallarda hakim komandanın göstəricilərini üstələyir.
Bu isə onu deməyə əsas verir ki, Ermənistan cəmiyyətində hakimiyyətə alternativ siyasi qüvvələr üçün müəyyən sosial baza mövcuddur.
Sadəcə olaraq, bu dəstək müxalif partiyalar və siyasi qruplar arasında bölündüyünə görə seçki dinamikasında parçalanmış şəkildə özünü göstərir. Əgər müxalif qüvvələr seçkilər ərəfəsində müəyyən koordinasiya və ya ittifaq modeli formalaşdıra bilsələr, bu halda onların siyasi çəkisi daha aydın şəkildə ortaya çıxa bilər".
Politoloq qeyd edib ki, Ermənistan daxilində ictimai-siyasi vəziyyətin monitorinqi onu deməyə əsas verir ki, son aylarda müşahidə olunan digər bir tendensiya bəzi iri siyasi partiyalar ətrafında daha kiçik partiyaların və siyasi qrupların birləşməsi istiqamətində müəyyən cəhdlərin olmasıdır:
"Təbii ki, bu cəhdlər seçkilər ərəfəsində müxalif düşərgənin səslərini konsolidasiya etmək məqsədi daşıyır.
Ermənistan siyasətində belə taktiki birliklər əvvəllər də müşahidə olunub və seçkilərdə müəyyən nəticələr də verib.
Bu kontekstdə “Gümrü ssenarisi” adlandırılan hadisəni qeyd etmək olar. Söhbət Gümrü şəhərində keçirilmiş yerli seçkilərdə hakimiyyətə qarşı müxalif qüvvələrin müəyyən koordinasiya nəticəsində qalib gəlməsindən gedir.
Belə bir modelin ölkə səviyyəsində təkrarlanması nəzəri olaraq mümkündür və real variant kimi qalır. Yəni ayrı-ayrı müxalif partiyalar seçkilərə ayrı getsələr belə, nəticədə koordinasiya yaradaraq hakim partiyaya qarşı vahid siyasi mövqe formalaşdıra bilərlər.
Lakin yalnız sorğuların nəticələrinə əsaslanaraq seçkilərin nəticələri barədə qəti proqnoz vermək doğru olmaz. Sosial sorğular əsasən müəyyən zaman kəsiyində seçici əhval-ruhiyyəsini ölçür və siyasi tendensiyaların istiqamətini göstərir. Seçkilərə qədər olan dövrdə müxtəlif amillər bu dinamikanı dəyişə bilər.
Bura seçki kampaniyasının gedişi, siyasi debatların təsiri, sosial-iqtisadi vəziyyət, regional təhlükəsizlik faktorları, eləcə də seçici mobilizasiyasının səviyyəsi daxildir.
Bununla yanaşı, Ermənistanın seçki reallığında hakimiyyət faktorunu da nəzərə almaq lazımdır. Hakim komanda həm siyasi təşkilatlanma, həm də inzibati resurslar baxımından daha üstün mövqedədir. Bu isə seçki kampaniyasının gedişinə və seçici elektoratının mobilizasiyasına təsir edən mühüm amillərdəndir.
Digər tərəfdən, Paşinyanın hələ də müəyyən sabit elektorat bazasına malik olması onun siyasi mövqeyini qorumasına imkan verir. Seçki nəticələrinə təsir edən mühüm amillərdən biri də seçici iştirakının səviyyəsidir.
Şübhəsiz ki, hakimiyyət tərəfdarlarının seçkilərdə daha fəal iştirakı Paşinyanın mövqeyini möhkəmləndirəcək. Əks halda isə müxalif qüvvələrin nəticələri yaxşılaşa bilər.
Nəticə etibarilə demək olar ki, mövcud sorğular müəyyən siyasi dinamikanı göstərsə də, yalnız bu göstəricilərə əsaslanaraq seçkilərin nəticələri barədə qəti fikir bildirmək çətindir. Seçki kampaniyasının gedişi, inzibati resursların rolu və seçici mobilizasiyası kimi amillər nəticələrə müxtəlif şəkildə təsir edə bilər.
Müxalif qüvvələrin birləşməsi və ya “Gümrü tipli” siyasi koordinasiya modeli onların müəyyən uğur qazanmaq ehtimalını artırsa da, hazırkı mərhələdə bu ehtimalı yüksək qiymətləndirmək doğru olmaz.
Başqa sözlə, müxalifətin seçkilərdə qalib gəlməsi ehtimalı tam istisna edilmir, lakin mövcud siyasi balans fonunda bunu yüksək ehtimal kimi dəyərləndirmək çətindir.
Real nəticə isə yalnız seçki prosesi başa çatdıqdan sonra tam şəkildə bəlli olacaq".
Ayhan
15:57 08.04.2026
Oxunuş sayı: 965