Tanınan şəxslər niyə sosial şəbəkədə bir-birilərini "vurur?"
Cəmiyyətin son dövrlərdə ən çox müzakirə etdiyi mövzulardan biri də TikTok platformasında tanınmış və ya özünü tanıtmış şəxslərin bir-biri ilə qalmaqallı münasibətləridir. Xüsusilə şəxslərin bir-birini açıq şəkildə təhqir etməsi və ya münasibətləri qalmaqal üzərindən sonlandıraraq izləyici cəlb etməsi ciddi narahatlıq doğurur. Bu tendensiya artıq sosial şəbəkə mədəniyyətinin problemli tərəflərindən biri kimi qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, belə davranışlar bəzən izləyici sayını artırsa da, cəmiyyət tərəfindən sərt tənqid olunur. Çünki bu tip paylaşımlar xüsusilə yeniyetmə və gənclərin dünyagörüşünə mənfi təsir göstərir. Sosial şəbəkələrdə formalaşan bu cür nümunələr davranış normalarını zəiflədir və ünsiyyət mədəniyyətinə zərər vurur.
Sosioloq , fəlsəfə doktoru Hüseyn İbrahimov Crossmedia.az-a sözügedən məsələ ilə bağlı danışıb. O bildirib ki, bu günlərdə tanınmış, özünü populyarlaşdırmış müəyyən şəxslərin TikTok şəbəkəsində bir-birini tənqid, hətta təhqir etməsi kimi hallar çox geniş yayılıb:

“Nəzərə alsaq ki, bu sosial platforma gənclər və yeniyetmələr arasında çox izlənilir, buna görə də cəmiyyətin strukturuna, sosial qruplarına, xüsusən də sosial institutlarına, təhsil və ailə institutuna ciddi mənfi təsirlər göstərir. Bunu həmin şəxslər mütləq nəzərə almalıdırlar. Bilməlidirlər ki, bir-birlərini təqdir etməklə özlərini populyarlaşdırmaq olduqca cəmiyyətin mikrostrukturunu zədələyə bilən, psixoloji cəhətdən və sosial davranış normalarının pozulması baxımından reqressiv addımlardır. Bu addımlar, bütövlükdə onların “populyarlığını” artırsa da, yeniyetmə və gənclərin, xüsusən bu platforma izləyicilərinin, ümumilikdə isə cəmiyyətin inkişafında, dünyagörüşündə, xüsusən də etik dünyagörüşündə olduqca mənfi təsirlər yaradır. Təəssüf olunan hal odur ki, bu kimi hallar cəmiyyətin bir çox təbəqələrində, yalnız müğənni və ya müəyyən özünü tanıtmış şəxslərin deyil, hətta ciddi sosial statusa malik şəxslərin dilindən də işlədilir. Bu isə daha çox acınacaqlı haldır”.
Sosioloq hesab edir ki, özünü bu cür gündəmdə saxlamaq sanki bir metoda çevrilməkdədir: "Bu cür TikTok və digər sosial şəbəkələr vasitəsilə bir-birini təhqir etməklə, xüsusən cəmiyyətin sosial strukturunda fikir daşıyıcısı olan insanların düşüncəsində ciddi məqamlar yaratmaqla, özlərini müzakirə obyektinə və predmetinə çevirərək unudulmamaq üçün bu kimi addım atan insanların hərəkətləri deviant davranışı xatırladır. Bu deviant davranış isə bu kimi şəxslərin daşıdıqları statusa heç vaxt uyğun gəlmir".
Müsahibimiz düşünür ki, müəyyən cəmiyyətdə sosial statusu olan şəxslər bu kimliklərini sosial şəbəkələr platformasında bu cür ciddi olmayan, tənqid məqsədli davranışlarla, eyni zamanda cəmiyyətdə qəbul olunmayan və narahatlıq doğuran fikir və anlayışları gündəmdə qalmaq üçün, hətta ona inanmadan belə cəmiyyətə ötürürlərsə, bu, sosial və sanksiyalaşmış normaların pozulmasıdır:
“Buna görə də həmin şəxslər yalnız ictimai qınaq obyektinə deyil, həm də sanksiyalaşmış hansısa cərimə və ya məsuliyyətə cəlb olunmalıdır”.
Fatimə Məmmədova
19:18 30.05.2026
Oxunuş sayı: 130