Paşinyanın namizədliyi təsdiqləndi: O, Ermənistanın "sonuncu mogikanı" olacaq?
Ermənistanda siyasi proseslər növbəti parlament seçkiləri ərəfəsində sürətlənməkdə davam edir. Hakim "Vətəndaş müqaviləsi" partiyası daxilində keçirilən daxili səsvermənin nəticələri açıqlanıb və bu, ölkədəki siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Proses hakimiyyət daxilində namizədlərin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ hesab olunur.
Baş nazir Nikol Paşinyan bildirib ki, səsvermənin nəticələrinə əsasən onun namizədliyi yenidən hökumət başçısı postuna irəli sürülüb. İyunun 7-də keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi kursunun müəyyənləşməsi baxımından həlledici əhəmiyyət daşıyır.
Onun namizədliyinin təsdiq olunması və bundan sonrakı proseslər barədə politoloq Qabil Hüseynli Crossmedia.az-ın suallarını cavablandırıb:
— Daxili səsvermənin nəticələrinə əsasən baş nazir Nikol Paşinyan-ın namizədliyi irəli sürüldü. Sizcə, bu addım partiya daxilində konsensusun göstəricisi sayıla bilərmi?
— Hesab edirəm ki, bu qərar böyük ölçüdə partiya daxilində konsensusun mövcudluğunu əks etdirir. Çünki hakim "Vətəndaş Müqaviləs"i Partiyası daxilində liderlik məsələsində ciddi parçalanma müşahidə olunmur. Əksinə, Paşinyan həm partiya strukturlarında, həm də geniş ictimaiyyət arasında hələ də müəyyən legitimlik və dəstəyə malikdir. Daxili səsvermədə onun namizədliyinin irəli sürülməsi göstərir ki, partiya daxilində alternativ güclü fiqur formalaşmayıb və mövcud lider ətrafında birləşmə xətti qorunur.
— İyunun 7-də keçiriləcək parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasının üstünlükləri və çətinlikləri nələrdir?
— Partiyanın əsas üstünlüklərindən biri onun hazırda hakimiyyət resurslarına malik olmasıdır. Bu, təşkilatlanma, seçki kampaniyasının aparılması və elektoratla əlaqələrin qurulması baxımından mühüm amildir. Digər tərəfdən, Paşinyanın müəyyən sosial dayaqları hələ də qorunur və xüsusilə sülh gündəmini dəstəkləyən seçicilər arasında populyarlığı qalmaqdadır. Lakin çətinliklər də az deyil. Müxalif qüvvələr, xüsusilə keçmiş hakimiyyət nümayəndələri və revanshist dairələr, seçkilərdə ciddi müqavimət göstərirlər. Bundan əlavə, xarici təsir amilləri – xüsusilə Rusiyanın regiondakı maraqları və mümkün təsir mexanizmləri də prosesə təsirsiz ötüşmür. Bu isə seçki mühitini daha mürəkkəb edir.
— Son parlament seçkiləri 2021-ci ildə keçirilib. O vaxtdan indiyədək siyasi mühitdə hansı əsas dəyişikliklər baş verib?
— 2021-ci ildən sonra Ermənistanda bir sıra mühüm sosial-iqtisadi və siyasi dəyişikliklər müşahidə olunub. İlk növbədə, iqtisadi göstəricilərdə müəyyən artım qeydə alınıb – əməkhaqları və pensiyalar yüksəlib. Bu da hakimiyyətin sosial siyasətini gücləndirməyə çalışdığını göstərir. Bununla yanaşı, ölkədə sənayeləşmə istiqamətində müəyyən addımlar atılıb və sovet dövründən qalan istehsal potensialının bərpasına cəhdlər edilib. Siyasi müstəvidə isə əsas dəyişiklik ondan ibarətdir ki, cəmiyyət tədricən sabitlik və inkişafla yanaşı, sülh gündəminə daha çox önəm verməyə başlayıb.

— Gözlənilən parlament seçkilərində hakim partiyanın şanslarını necə qiymətləndirirsiniz?
— Mövcud reallıqlar göstərir ki, "Vətəndaş Müqaviləsi" Partiyası hələ də seçkilərin əsas favoritlərindən biridir. Xüsusilə nəzərə alsaq ki, 2020-ci il müharibəsindən sonra belə partiya seçkilərdə qələbə qazana bilmişdi, bu, onun müəyyən dayanıqlı elektorata malik olduğunu sübut edir. Hazırda sosial rifah göstəricilərində nisbi yaxşılaşma, eləcə də sülh müqaviləsi perspektivi seçicilərin davranışına müsbət təsir göstərə bilər. Bu baxımdan Paşinyanın seçkilərdə yenidən uğur qazanmaq ehtimalı kifayət qədər yüksək qiymətləndirilə bilər.
— Sizcə, uzun illər Ermənistanın “arxa bağçası” hesab olunan Rusiya Paşinyanın seçilməsinə nə qədər razıdır və Moskvanın seçkilərə müdaxilə imkanı varmı?
— Rusiya üçün Ermənistan strateji əhəmiyyət kəsb edən ölkədir və bu baxımdan Moskva İrəvandakı siyasi proseslərə biganə qala bilməz. Lakin Paşinyanın son illərdə daha müstəqil siyasət yürütməyə çalışması Rusiya ilə münasibətlərdə müəyyən gərginlik yaradıb. Buna baxmayaraq, Rusiya müxtəlif təsir alətlərinə – informasiya, siyasi və iqtisadi rıçaqlara malikdir və bu imkanlardan istifadə etməyə çalışır. Ancaq Ermənistan cəmiyyətində formalaşan siyasi şüur və milli maraqlara həssas yanaşma xarici müdaxilənin təsirini tam həlledici etməyə bilər.
— Seçkilərin nəticəsindən asılı olaraq Azərbaycanla normallaşma prosesində nələr dəyişə bilər?
— Seçkilərin nəticəsi regionda sülh və əməkdaşlıq perspektivlərinə birbaşa təsir göstərə bilər. Əgər mövcud hakimiyyət, yəni Nikol Paşinyan rəhbərlik etdiyi qüvvə yenidən mandat qazanarsa, Azərbaycanla normallaşma prosesinin davam etdirilməsi ehtimalı yüksəkdir. Bu halda Azərbaycan ilə sülh müqaviləsinin imzalanması, sərhədlərin açılması, ticarət və iqtisadi əlaqələrin qurulması mümkündür. Hətta perspektivdə diplomatik münasibətlərin bərpası və regionda mehriban qonşuluq mühitinin formalaşması da istisna edilmir. Əksinə, revanşist qüvvələrin hakimiyyətə gəlməsi halında isə gərginliyin yenidən artması və sülh prosesinin ləngiməsi riski mövcuddur. Nəticə olaraq, Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə bu ölkənin daxili siyasi gələcəyini deyil, bütövlükdə Cənubi Qafqaz regionunun geosiyasi və təhlükəsizlik arxitekturasını müəyyən edə biləcək mühüm hadisə kimi qiymətləndirilə bilər.
Elmir Heydərli
10:52 02.04.2026
Oxunuş sayı: 75