ABŞ Ukrayna müharibəsində yeni oyun başladır - Şəxsi diplomatiya nəyi hədəfləyir?
Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 1-də ABŞ ilə müharibənin taleyini müəyyən edəcək videoformatda danışıqlar aparacağını elan etməsi Ağ Evin xarici siyasətində köklü dəyişikliklərdən xəbər verir.
Stiven Uitkoff və Cared Kuşner kimi rəsmi statusu olmayan, lakin Donald Trampa yaxınlığı ilə seçilən simaların prosesə cəlb edilməsi, ənənəvi Dövlət Departamenti kanallarının "şəxsi diplomatiya" modeli ilə əvəzlənməsi kimi qiymətləndirilir.
Bu yanaşma beynəlxalq hüququn böhran keçirdiyi bir dövrdə rəsmi Vaşinqton üçün manevr imkanı yaratsa da, Ukraynanın ərazi bütövlüyü məsələsindəki qətiyyəti danışıqların gərgin keçəcəyini vəd edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib ki, Rusiya müharibəyə başlayarkən qısa müddətdə qələbə qazanacağını düşünürdü:
"Rusiya hesab edirdi ki, Krımda olduğu kimi qısa müddətdə Ukraynanı ələ keçirəcək. Hətta ilk hücum zamanı 150 minlik ordu sanki parad məqsədilə hazırlanmışdı – plan Kiyevdə qələbə paradı keçirmək idi.

Lakin proses tam əksinə inkişaf etdi. Müharibə gözləniləndən xeyli uzun çəkdi. Hətta İkinci Dünya müharibəsi dövründə Almaniya ilə aparılan müharibədən belə uzun çəkir. Hər iki tərəf ciddi itkilər verib və heç biri geri çəkilmək istəmir".
Ekspertin sözlərinə görə, tərəflərin mövqeləri kəskin şəkildə fərqlənir:
"Rusiya bu müharibədən elə çıxmaq istəyir ki, öz cəmiyyətinə itkilərin qarşılığında nəyəsə nail olduğunu göstərsin. Ukraynanın NATO üzvlüyünü əngəlləmək və müəyyən əraziləri öz nəzarətinə almaq niyyətindədir. Ukrayna isə ərazi bütövlüyünün qorunmasını, dağıntıların bərpasını və gələcəkdə təhlükəsizlik zəmanətləri – o cümlədən NATO-nun 5-ci maddəsinə bənzər mexanizmlərin tətbiqini istəyir".
Ukraynanın bu tələblərinin müəyyən mənada əsaslı olduğunu bildirən ekspert vurğulayıb ki, vaxtilə Ukrayna nüvə silahlarından imtina edərkən ABŞ və Böyük Britaniya tərəfindən təhlükəsizlik zəmanətləri verilmişdi, lakin bu zəmanətlər praktikada özünü doğrultmadı.
"ABŞ-nin danışıqlarda qeyri-rəsmi şəxsləri önə çıxarmasını yeni diplomatik model kimi qiymətləndirə bilərik. ABŞ diplomatiyasında bu, yeni yanaşmadır. Adətən bu cür danışıqları rəsmi nümayəndələr və Dövlət Departamenti həyata keçirirdi. İndi isə rəsmi statusu olmayan, lakin şəxsi əlaqələrə malik şəxslər prosesə cəlb olunur.
Bu, klassik diplomatik ənənələrdən fərqli yanaşmadır. Bu şəxslərin rəsmi statusunun olmaması isə gələcəkdə məsuliyyət məsələsini qeyri-müəyyən edə bilər. Yəni hər hansı nəticə əldə olunmadıqda onların ABŞ-ni rəsmi təmsil etmədiyi iddia oluna bilər" - deyə, o qeyd edib.
E. Həsənli əlavə edib ki, bu şəxslər faktiki olaraq ABŞ prezidenti Donald Trump tərəfindən səlahiyyətləndirilmiş fiqurlar kimi çıxış edirlər:
"Onların rəsmi statusu olmasa da, siyasi mandatı var və bu da şəxsi diplomatiya" modelinin formalaşdığını göstərir".
Sonda ekspert beynəlxalq sistemdə yaranmış yeni reallıqlara da diqqət çəkib:
"Hazırda beynəlxalq hüquq ciddi şəkildə sarsılıb. BMT kimi qurumların təsir imkanları zəifləyib və praktikada "haqlı olan yox, güclü olan haqlıdır" prinsipi işləyir".
Onun qənaətinə görə, Rusiya-Ukrayna müharibəsi gec-tez başa çatacaq, lakin nəticə tərəflərdən birinin strateji məqsədlərinə nə dərəcədə nail olmasından asılı olacaq:
"Ukraynanın ərazi bütövlüyündən güzəştə getməsi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi nəticələr doğura bilər. Bu isə yeni təhlükəli presedentlərin yaranmasına səbəb ola bilər.
Ukrayna cəmiyyəti və ordusu hazırkı mərhələdə bu cür güzəştlərə getməyə hazır görünmür və mübarizəni davam etdirmək niyyətindədir".
Nigar Yahyazadə
11:29 01.04.2026
Oxunuş sayı: 800