Moskvanın yeni nüvə mesajı - Belarus niyə ön plandadır?
Rusiyanın genişmiqyaslı nüvə təlimlərinə başlaması beynəlxalq təhlükəsizlik mühitində növbəti dəfə narahatlıq yaradıb.
Strateji Raket Qüvvələri, Şimal və Sakit Okean donanmalarının iştirakı ilə keçirilən üç günlük manevrlər Moskvanın hərbi güc nümayişi kimi qiymətləndirilir.
Təlimlər fonunda Belarusun da prosesə cəlb olunması regionda geosiyasi gərginliyin daha da artacağı ilə bağlı ehtimalları gücləndirib.
Kremlin nüvə silahları ilə bağlı növbəti “səs-küylü” addımı həm Qərbə mesaj, həm də hərbi çəkindirmə strategiyasının davamı kimi dəyərləndirilir.
Ekspertlər isə hesab edir ki, Belarusun bu prosesdə rolu daha çox simvolik xarakter daşıyır və Minskin real nüvə imkanları ilə bağlı suallar açıq qalır. Rusiya tərəfi təlimlərin planlı xarakter daşıdığını bildirsə də, bu addım beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Rusiyanın Belarusla birgə nüvə hərbi təlimlərinə başlaması, hesab edirəm ki, daha çox Avropa ölkələrinə verilən mesaj xarakteri daşıyır. Faktiki olaraq başqa bir ölkənin ərazisində nüvə təlimlərinin keçirilməsi həm regional, həm də beynəlxalq təhlükəsizlik sistemində gərginliyi artıran amillərdən biridir.
Bir məqamı da nəzərə almaq lazımdır ki, Rusiya Ukrayna müharibəsi başlayandan etibarən çətin vəziyyətə düşdüyü dövrlərdə tez-tez nüvə şantajına əl atır. Biz həm Dmitri Medvedev, həm də digər Rusiya rəsmilərinin bu tip nüvə təhdidlərini yaxşı xatırlayırıq.
Bu təlimlərin keçirilməsi, eyni zamanda, Belarus ərazisinin faktiki olaraq Rusiyanın tam hərbi-siyasi nəzarəti altında olduğunu göstərir. Gələcəkdə Avropa və NATO ölkələrinə yönələcək mümkün hərbi təhdidlərin də məhz bu ərazilər üzərindən həyata keçirilə biləcəyi mesajı verilir.
Lakin nüvə təlimlərinin keçirilməsi ilə bağlı ABŞ və Çinin müəyyən etirazlarının olacağı gözləniləndir. Çin daha təmkinli və ehtiyatlı mövqe sərgiləyəcək.
Bununla yanaşı, hər iki dövlət anlayır ki, Rusiya hazırkı mərhələdə nüvə silahından real istifadəyə getməyəcək. Daha çox güc nümayişi və psixoloji təzyiq elementi kimi qiymətləndirilən bu addımların arxasında praktik zəminin olmadığı düşünülür. Buna görə də prosesin ciddi yeni sanksiyalarla nəticələnəcəyini düşünmürəm".
Elmir Heydərli
14:00 21.05.2026
Oxunuş sayı: 62