Azərbaycanda üstündə gəzdiyimiz torpağın altında bizə yer yoxdur? - ARAŞDIRMA
Bəşəriyyət yarandığı gündən etibarən müxtəlif problemlərlə üzləşmiş, insan oğlu da bu problemləri həll etmək üçün çıxış yolları axtarmış, bəzən buna nail olsa da, həll edə bilmədiyi məsələlər də olmuşdur. Müəyyən zamanlarda bunlar problem olmaqdan kənara çıxmış, insan həyatının bir hissəsinə çevrilmişdir. Bu hissələr isə həqiqətin təzahürü hesab oluna bilər.
Ölüm də həyatın danılmaz və qaçılmaz həqiqətidir. Lakin bəzən insanın vəfatı ilə yaxınlarının dərdi bitmir - əksinə yeni bir mübarizə başlayır.
Bu mübarizə həmin şəxsin üzərində gəzdiyi torpağın altında ona yer tapılmamsının acısı, çarəsizliyin səssiz hayqırışı olur. Nə bilmək olar? Bəlkə bundan sonra "kəfənin cibi olmur" sözünü işlətməyəcəyik. Ya da, kəfənlərə cib tikəcəyik.
Yaxınını dəfn etmək istəyən vətəndaşlar məzar yeri tapmaq üçün müəyyən miqdarda vəsait ödəməyə məcbur qalırlar. Paytaxtda məzar yerlərinin qiymətinin 1500 manatdan 25 min manata qədər yüksəlməsi cəmiyyətdə haqlı olaraq ciddi narazılıq doğurur. Ölüm üzərindən qurulan bu qeyri-rəsmi “bazar” həm hüquqi, həm də milli-mənəvi dəyərlər baxımından qəbuledilməzdir.
Mövcud vəziyyətin səbəbləri və çıxış yolları barədə isə mütəxəssislər öz fikirlərini Crossmedia.az-la bölüşüblər.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa açıqlaması zamanı bildirib ki, torpaq məsələləri bələdiyyə strukturlarına həvalə edilib, lakin onların maddi imkanları olmadığı üçün öz öhdəliklərini icra edə bilmirlər:

"Lakin birmənalı olaraq bu məsələ həllini tapmalı, hər bir vətəndaşa məzar yeri ayrılmalı, bu isə ödənişsiz olmalıdır. Vətəndaşların vəfat etmiş yaxınını dəfn etmək üçün şəhərdən kənarda, hansısa bir nəqliyyatın intensiv yetişə bildiyi yerlərdə məzarlıq əraziləri ayrıla bilər. Vətəndaşa seçmə üsulu ilə yox, standart qaydalara uyğun olaraq yer verilməlidir. Danışdığımız məsələ olduqca önəmlidir, çünki aztəminatlı ailələr üçün bu böyük bir problemdir".
Deputat həmçinin qeyd edib ki, bəzən ailələr özləri şəhər mərkəzində məzarlıqdan torpaq əldə etmək istəyir və bunun müqabilində müəyyən vəsaiti gözdən çıxarırlar.
"Əgər, kimlərsə istəyirsə ki, başqa bir ərazidə, şəhər mərkəzində torpaq əldə etsinlər, çox güman ki, onlar torpaq əldə etmək üçün müəyyən qədər vəsait təklif edirlər. Ona görə də, hər hansı yolla məzarlıqda yer əldə etmək üçün kimlərəsə pul verilməsinin və torpaq alınmasının qarşını alınması kifayət qədər çətin bir məsələdir. Lakin, az öncə qeyd etdiyim üsul bu problemin həllində mühüm rol oynaya bilər", -deyə o, qeyd edib.
Məsələyə Ağ Partiyanın sədri Tural Abbaslı da münasibət bildirib. O, bu məsələnin uzun müddətdir Azərbaycanda xüsusilə də Bakıda böyük problem yaratdığını deyərək, paytaxda məzar yerlərinin 1500 manatdan başlayıb 25.000-dək olduğunu bildirib:
"Bu da həm milli-mənəvi baxımdan biabırçılıqdır, həm də qanunvericilik baxımdan yolverilməzdir. Bildiyim qədəri ilə Azərbaycanda şəxsi məzarlıq anlayışı olmadığı üçün məzarlıqlar dövlətin balansındadır, bu da dolayı yolla məzarlıqların bələdiyyələrin nəzarəti altında olduğunu göstərir. Açığı onların da elə bir hüququ yoxdur. Hamımız bilirik ki, bələdiyyələr İcra hakimiyyətlərinin alt qurumu kimi fəaliyyət göstərir.
Sözügedən problemin həll olunmasının ən gözəl yolu qanunların icra edilməsidir. Yəni hər bir vətəndaş öz yaşadığı ərazidə müəyyən olunmuş sahələrdə öz əzizini, yaxınını dəfn edə bilməlidir. Kim hansı bölgədə qeydiyyatdadırsa həmin şəxsin yaşadığı ərazidə dəfn edilməsinə şərait yaradılmalıdır. Bakıda ərazi yoxdur deyə bilmərik, bu absurd səslənər. Yerin üzərində göydələnlər, hündür binalar inşa etməyə yer var, lakin insan dəfn etməyə yer yoxdur? Mən düşünürəm ki, icra hakimiyyətləri bunu biznes halına gətiriblər və onlar qərəzli olaraq süni qıtlıq yaradırlar ki, guya torpaq yoxdur. Şəhər kənarında belə yüksək qiymətə məzarlıq torpaqları satılır."
Tural Abbaslı bu məsələyə ilk olaraq Baş prokurorluq yanında korrupsiya ilə mübarizə baş idarəsi müdaxilə etməli olduğunu da vurğulayıb. Onun fikrincə, insanın ən ağrılı, ən acılı günündə belə dərdlərlə məşğul olması nə milli-mənəvi nə də hüquqi baxımdan düzgündür.

"Sadəcə olaraq, qeyd edim ki, bu özbaşınalıqdır, hər şeydən pul qazanmaq həvəsi ilə insanların ağrı-acısından istifadə edib pul qazanmaq istəyən məmurlar vəzifədən uzaqlaşdırılmalıdır. Konkret məzarlıq yerləri ayrılmalı, insan sayına uyğun olaraq bölünməlidir. Yoxsa, camaatın əzizi ölür, başlayır torpaq axtarmağa.Bu sadəcə biabırçılıqdır", -deyə o, qeyd edib.
Sözügedən mövzuya İlahiyyatçı Ağa Hacıbəyli də öz fikirini bildirib. Onun sözlərinə görə, İslam dinində bu hal qətiyyən yolverilməzdir.

| "Cəmiyyətimizdə məzarlıq torpaqlarının satılması ciddi bir problem yaradır. Ümumiyyətlə, islam dininə görə qəbirstanlıqlar vəqf hökmündədir və vəfat edən insanlar oradan axirət aləminə köçürülə bilərlər." |
İlahiyyatçı, həmçinin, tariximizin heç bir dövründə insanların vəfat etdiyi zaman onların yaxınlarına torpaq satılmayıb.
"Biz tarixdə müşahidə edə bilərik ki, Azərbaycanda məzarlıq torpaqlarının satılması prinsipi rast gəlinən deyil. Quran'i Kərimdə belə bir ayə var: hər insan ölümü dadacaqdır. Məzarlıq torpaqlarını satan insanlar düşünməlidirlər ki, onlar da ölümü dadacaq, bu gün satdıqları torpaqda onlar da dəfn olunacaqlar. Odur ki, islami qaydalara görə bu torpaq mülkiyyət formasının satılması haramdır, qadağandır. Bu işləri görən şəxslər də başqa bir ticarət sahəsinə yönəlsinlər. Ölünün üzərindən ticarət qurulmaz. Hətta, vəfat edən insanın ödəniş müqabilində yuyulması, dəfn edilməsi də şəriət qaydalarına görə qadağandır. Kimlər bu kimi işlərə əl atırsa, bilsin ki, heç doğru addım deyil", -deyə Ağa Hacıbəyli bildirib:
Məsələ ilə bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə də sorğu ünvanladıq: "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, qəbiristanlıqların salınması, idarə olunması və bu sahədə xidmətlərin təşkili ilə bağlı məsələlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, ölkə ərazisində qəbiristanlıqların salınması, idarə olunması, mühafizəsi, zərurət yarandıqda köçürülməsi, eləcə də bağlı elan edilməsi ilə bağlı tələblər və prosedurlar müəyyən edilmişdir. Həmin normativ-hüquqi aktın tələblərinə uyğun olaraq, qəbiristanlıqların idarə olunması və bu sahədə xidmətlərin təşkili bələdiyyələrin səlahiyyətlərinə aid edilmişdir. Qərara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, respublikamızda olan və ya yaşayan, habelə qaçqın statusu almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin, eləcə də kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlıq müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Eyni zamanda bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi respublikanın bəzi ərazilərində məzar yerlərinin vətəndaşlara ödəniş müqabilində ayrılması barədə məlumatların cəmiyyətdə doğurduğu haqlı narahatlığı bölüşür. Hazırda bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumları arasında müzakirə və məsləhətləşmələr aparılır", -deyə sorğumuza cavab verilib".
Daha sonra məsələyə Ədliyyə Nazirliyi də aydınlıq gətirib. Azərbaycan Respublikasının Konstitusiyasının 146-cı maddəsinin tələblərinə əsasən bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər.

Qəbiristanlıqların salınması və idarə olunması Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli 522 nömrəli qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Bələdiyyə qəbiristanlığın normal fəaliyyətinin təşkili məqsədilə qəbiristanlığın müdiriyyətini formalaşdırır, qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə bağlı işlərin görülməsini təmin edir. Müvafiq Qaydalara əsasən Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır və hər bir qəbir üzrə 5 kvadratmetr sahə nəzərdə tutulur.
Qaydaların 19-cu bəndinə əsasən ölmüş şəxsin dəfni ilə bağlı qəbiristanlığın müdiriyyəti tərəfindən yalnız qanunvericiliklə müəyyən edilmiş dəfn xidmətləri (ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmamışdırsa, onun yuyulması və dəfnə hazırlanması; ölmüş şəxsin cənazəsinin daşınması üçün tabutun və nəqliyyat vasitəsinin təqdim olunması; qəbir yerinin qazılması və digər) ödənişli göstərilir.
Turqut Ansari
11:20 01.04.2026
Oxunuş sayı: 1306