Sabahdan terminallardan karta pul yükləmək ödənişli olacaq
Aprelin 1-dən etibarən bəzi bank əməliyyatları üzrə yeni komissiya tətbiq olunacaq.
Dəyişiklik xüsusilə, ödəniş terminalları vasitəsilə həyata keçirilən əməliyyatlara aiddir. Belə ki, bundan sonra “e-Manat” da daxil olmaqla bütün ödəniş terminallarında müəyyən əməliyyatlar üzrə xidmət haqqı tutulacaq.
Qeyd edək ki, “Premium Bank” kart və hesablarına terminallar vasitəsilə edilən mədaxillərdən 1 faiz komissiya tətbiq olunacaq.
Digər ödəniş istiqamətləri üzrə tariflərdə isə hər hansı dəyişiklik nəzərdə tutulmur. Müvafiq xidmətlər əvvəlki qaydada davam etdiriləcək.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlamasında bildirib ki, aprelin 1-dən tətbiq olunan dəyişiklik əsasən terminallar vasitəsilə karta pul yükləyənlərə təsir edir. Bu o deməkdir ki, artıq ödəniş terminallarından (məsələn e-Manat və digərləri) banka pul mədaxiləsi edəndə əlavə xidmət haqqı tutulacaq:

"Əsas dəyişiklik “Premium Bank” kart və hesablarına edilən bu cür köçürmələrdə 1% komissiyanın tətbiq olunmasıdır. Nəticədə insanlar əvvəlki kimi terminalla karta pul qoyanda həmin məbləğin bir hissəsini komissiya kimi itirəcək. Bu tez-tez nağd pulu karta yerləşdirənlər üçün xərcləri artıracaq.
Bu dəyişiklik bütün terminallara şamil olunur, yəni təkcə bir şəbəkə ilə məhdudlaşmır və daha geniş istifadə olunan ödəniş nöqtələrində də tətbiq ediləcək.
Digər tərəfdən, adi kartdan-karta köçürmələr, ödənişlər və digər xidmətlərdə hələlik dəyişiklik yoxdur, onlar əvvəlki qaydada qalır.
Yəni əsas təsir nağd pulun terminal vasitəsilə karta yerləşdirilməsi prosesinədir və bu əməliyyat artıq ödənişli olur".
İqtisadçının sözlərinə görə, bu cür qərarların arxasında adətən bir neçə məqsəd olur və burada da oxşar motivlər ehtimal edilir:
"Əsas hədəflərdən biri bank və ödəniş sistemləri üçün əlavə gəlir mənbəyi yaratmaqdır. Terminalların saxlanması, inkassasiya və texniki xidmət xərcləri var və komissiya bu xərcləri qarşılamaq və mənfəət əldə etmək üçün tətbiq oluna bilər.
Digər mühüm məqsəd nağd pul dövriyyəsini azaltmaqdır. İnsanlar terminaldan karta pul qoymağa görə əlavə ödəniş etdikcə, daha çox birbaşa rəqəmsal ödənişlərə və kartdan karta köçürmələrə üstünlük verə bilərlər. Bu isə ümumilikdə nağdsız iqtisadiyyatın inkişafını sürətləndirir.
Həmçinin bu addım istifadəçiləri alternativ kanallara yönləndirmək üçün də ola bilər. Məsələn, mobil bank tətbiqləri, onlayn köçürmələr və ya maaşların birbaşa karta köçürülməsi kimi üsullar daha sərfəli qalır və sistem də məhz bunların istifadəsini artırmaq istəyir.
Bəzi hallarda belə komissiyalar kölgə iqtisadiyyatını azaltmaq məqsədi də daşıyır. Nağd pulun sistemə daxil edilməsi bahalaşdıqca, əməliyyatların daha şəffaf və izlənilə bilən formaya keçməsi təşviq olunur.
Qısaca, bu qərar həm maliyyə qurumlarının gəlirini artırmaq, həm də istifadəçilərin davranışını daha çox rəqəmsal və izlənilə bilən ödənişlərə yönəltmək məqsədi daşıya bilər".
Fatimə
09:30 31.03.2026
Oxunuş sayı: 65