Sülhün davamlılığı: faydalılıq yox, hüquqi baza vacibdir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla münasibətlərə dair səsləndirdiyi "qarşılıqlı faydalı əməkdaşlıq" və sülhün "hər iki tərəf üçün faydalı olduğu müddətdə qorunacağı" fikirləri regionda sülh gündəliyinin mahiyyəti ilə bağlı ciddi analitik müzakirələrə yol açıb.
Bu yanaşma ilk baxışda rasional və praqmatik görünsə də, mahiyyət etibarilə sülhün normativ-hüquqi deyil, daha çox situativ və dəyişkən maraqlar üzərində qurulması ehtimalını ortaya çıxarır.
Məhz bu kontekstdə əsas sual belə formalaşır: əgər sülh yalnız "faydalılıq əmsalı" ilə ölçülürsə, bu halda geosiyasi balansın dəyişdiyi istənilən məqamda həmin sülhün pozulması legitimləşdirilmiş olmurmu?
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, Ararat Mirzoyanın fikirlərində müəyyən konseptual ziddiyyət mövcuddur:

"Qarşılıqlı faydalı əməkdaşlıq ideyası düzgün yanaşmadır və Azərbaycan da bu modeli dəstəkləyir. Lakin sülhün yalnız faydalı olduğu müddətdə qorunacağı fikri onun dayanıqlılığına kölgə salır. Bu yanaşma dolayısı ilə onu deməyə əsas verir ki, müəyyən mərhələdə maraqlar dəyişərsə, sülh də aktuallığını itirə bilər".
Deputat vurğulayıb ki, Azərbaycan tərəfi sülhün institusional və hüquqi əsaslar üzərində qurulmasının tərəfdarıdır və bu istiqamətdə real addımlar atmaqdadır:
"Azərbaycan sülh gündəliyinin irəliləməsi üçün həm siyasi, həm də iqtisadi müstəvidə konkret təşəbbüslərlə çıxış edir. Tranzit imkanlarının açılması, iqtisadi əlaqələrin təşviqi və etimad mühitinin formalaşdırılması bu siyasətin tərkib hissəsidir".
Bununla yanaşı, o, xüsusilə vurğulayıb ki, dayanıqlı sülhün açar elementi hüquqi ziddiyyətlərin aradan qaldırılmasıdır:
"Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması sülh prosesinin əsas maneəsidir. Bu məsələ həll olunmadan hər hansı əməkdaşlıq modelinin uzunömürlü olması mümkün deyil.
Əksinə, həmin müddəalar konstitusiya səviyyəsində aradan qaldırılarsa və referendumla təsdiqlənərsə, o zaman keyfiyyətcə yeni mərhələyə keçid baş verə bilər".
Deputat həmçinin Ararat Mirzoyanın bəyanatını Ermənistanın daxili siyasi konteksti ilə də əlaqələndirib:
"Bu tip açıqlamalar müəyyən mənada seçkiqabağı siyasi ritorikanın elementi kimi də dəyərləndirilə bilər. Ermənistanda siyasi proseslər intensivləşdikcə, müxtəlif auditoriyalara hesablanmış mesajların səsləndirilməsi də istisna deyil".
Bununla belə, E. Nəsirov 2026-cı ilin region üçün tarixi bir il olacağını proqnozlaşdırır:
"Hesab edirəm ki, 2026-cı il Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı il kimi tarixə düşə bilər. Hətta sülh müqaviləsinin sənədin paraflanmasından düz bir il sonra – 2026-cı ilin avqust ayının 8-də Vaşinqtonda imzalanması mümkündür. Bu halda dünyanın fövqəldövləti də prosesdə qarant qismində çıxış etmiş olar".
Nigar Yahyazadə
14:29 26.03.2026
Oxunuş sayı: 151