Bakının yeni enerji marşrutu: Azərbaycan qazı Türkiyə vasitəsilə Suriyaya çatdırılır
Azərbaycanın enerji strategiyası qlobal miqyasda yeni geosiyasi konfiqurasiyaların formalaşmasında həlledici amilə çevrilməkdədir.
Son statistik göstəricilər ölkəmizin təbii qaz ixracatının coğrafi areallarını genişləndirərək, təkcə Avropanın deyil, həm də Yaxın Şərqin enerji arxitekturasında mühüm oyunçuya çevrildiyini təsdiqləyir.
Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun yanvar ayı üzrə hesabatında Azərbaycan qazının Türkiyə tranziti vasitəsilə Suriyaya çatdırılması faktı, rəsmi Bakının regional enerji təhlükəsizliyi modelindəki yeni və strateji bir mərhələnin göstəricisidir.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycanın Suriyanın enerji təminatında rolu artıq nəzərəçarpacaq dərəcədə artmaqdadır:
"Bu gün Suriyanın enerji böhranından çıxarılmasında əsas rolu Türkiyə oynasa da, artıq Azərbaycanın da bu prosesə qoşulduğunu əminliklə demək olar. Yanvar ayında 105,4 milyon kubmetr qazın tədarükü göstərir ki, bu istiqamətdə dinamika artmaqdadır".

Türkiyə üzərindən qaz ixracını Azərbaycanın enerji siyasətində yeni istiqamət kimi qiymətləndirilə biləcəyini bildirən deputat qeyd edib ki, bu, Azərbaycanın qaz ixracatında yeni bazarların formalaşdığını göstərir. Eyni zamanda, gələcəkdə bu marşrut vasitəsilə digər ərəb ölkələrinə də qaz tədarükü imkanları yarana bilər. Bu kontekstdə İordaniya kimi ölkələr potensial tərəfdaş kimi nəzərdən keçirilir.
A. Allahverənov vurğulayıb ki, Azərbaycan artıq geniş coğrafiyada enerji təminatçısı kimi çıxış edir:
"Hazırda Azərbaycan ildə 25 milyard kubmetrdən çox təbii qaz ixrac edir və bu, 16-dan çox ölkəni əhatə edir. Onların əhəmiyyətli hissəsi Avropa ölkələridir. İndi isə Yaxın Şərq regionu da bu siyahıya daxil olmağa başlayır".
Deputatın sözlərinə görə, bu proses təkcə iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır:
"Enerji təhlükəsizliyi XXI əsrdə dövlətlər üçün əsas prioritetlərdən biridir. Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi çıxış etməklə beynəlxalq mövqeyini gücləndirir və tərəfdaş ölkələrlə uzunmüddətli münasibətlərin qurulmasına töhfə verir".
O həmçinin əlavə edib ki, Azərbaycanın Suriyaya dəstəyi gələcəkdə daha geniş əməkdaşlıq imkanları yarada bilər:
"Bu, təkcə enerji ilə məhdudlaşmır. Azərbaycan həm də humanitar və bərpa proseslərində iştirak etməklə Suriya ilə münasibətləri daha da möhkəmləndirə bilər".
Nigar Yahyazadə
13:27 26.03.2026
Oxunuş sayı: 57