Tehran–Vaşinqton xəttində sərt mövqe: razılaşma niyə çətinləşir? – professor Əlimusa İbrahimov yazır
Yaxın Şərq regionunda döyüşlərin şiddətləndiyi, Vaşinqtonun əlavə hərbi qüvvələr göndərdiyi bir vaxtda diplomatik səylər dayanmış və hər iki tərəf güzəştsiz təkliflər irəli sürməkdədir.
İran ABŞ-ın davam edən münaqişəyə
son qoymaq məqsədi ilə təqdim etdiyi atəşkəs təklifini rəsmi olaraq rədd
edərək, Vaşinqtonun şərtlərini qəbul etmədiyini bildirib, özünün əks-təklifini
irəli sürüb.
Hərbi əməliyyatlar bir neçə
cəbhədə – ABŞ-İsrail hava hücumlarının davam etdiyi, İranın İsrail və Körfəz
dövlətlərinə qarşı raket və pilotsuz təyyarə hücumları apardığı bir şəraitdə
yaxın müddətdə diplomatik həll yolunun perspektivləri isə çox zəif görünür.
Pakistan rəsmiləri
tərəfindən Tehrana çatdırılan ABŞ təklifi İranın nüvə proqramının
məhdudlaşdırılmasını, ballistik raket proqramına qadağalar qoyulmasını,
regional proksilərə dəstəyin dayandırılmasını və Hörmüz boğazında sabit
gəmiçiliyin bərpa edilməsini hədəfləyirdi.
Bunun qarşılığında Vaşinqton İrana tətbiq
olunmuş sanksiyaların yüngülləşdirilməsini və mülki nüvə enerjisi sahəsində
əməkdaşlığı təklif edirdi.
Lakin İranın cavabı
qətiyyətli olub. Tehranın əks-təklifinə liderlərinin öldürülməsinə son
qoyulması, gələcək müharibələrə qarşı təminatlar, müharibə təzminatları və Hörmüz
boğazı üzərində İranın nəzarətinin tanınması kimi tələblər daxil edildi.
Müharibənin yaxın gələcəkdə dayandırılması ehtimalı çox aşağıdır
Tarixçilər və regional analitiklər hazırkı diplomatik mənzərəni təkbətək qarşıdurma kimi təsvir edirlər. Karnegi Beynəlxalq Sülh Fondundan ABŞ xarici siyasəti tarixçisi Stiven Vertheym DW-yə açıqlamasında maksimalist təkliflər mübadiləsinin münaqişənin uzanacağına işarə etdiyini bildirib.
“Diplomatik razılaşmanın
əldə olunmasına dair çox az sübut görürəm. Ən yaxşı halda, tərəflər arasında
əlaqənin başlanğıcındayıq” – deyə, Vertheym bildirib.
O, ABŞ təklifinin İrana qarşı uzun illərdir
davam edən narazılıqların hamısının aradan qaldırılmasını hədəflədiyini, İranın
cavabının isə Vaşinqton üçün eyni dərəcədə qəbuledilməz tələblərdən ibarət
olduğunu vurğulayıb.
Vertheym etimadsızlığın
danışıqları daha da çətinləşdirdiyini bildirib. İranın ABŞ-a şübhəsi 2018-ci
ildə Tramp administrasiyasının Tehranın razılıq verdiyi 2015-ci il nüvə
sazişindən çıxması və ABŞ-İsrail hərbi kampaniyalarının aktiv diplomatiya
dövründə başlaması ilə daha da dərinləşib.
“İranın Tramp
administrasiyasının danışıqlar cəhdlərini vaxt udmaq, regiona hərbi qüvvələrin
yığılması üçün bir hiylə kimi görməyə əsaslı səbəbləri var” – Vertheym əlavə edib.
İranın sərtləşən mövqeyi
Almaniyanın Kil
Universitetindən Sara Bazubandi qeyd edib ki, İranın hazırkı şərtləri əvvəlki
Cenevrə danışıqlarında irəli sürdüyü tələblərdən daha genişdir.
“İran indi ABŞ-ın bütün
bazalarının tamamilə çıxarılmasını və ABŞ-ın regiondakı bütün varlığının ləğv
edilməsini tələb edir!” – Bazubandi bildirib.
İran həmçinin, Hörmüz boğazında Türkiyənin
Boğaz üzərindəki və ya Misirin Süveyş kanalı üzərindəki nəzarətinə bənzər bir
keçid nəzarət sistemi, habelə xarici gücləri istisna edən regional
təhlükəsizlik strukturunun qurulmasını istəyir.
Bu şərtlər, İranın
hal-hazırda güzəşt əhval-ruhiyyəsində olmadığını göstərir.
Vəziyyətin gərginləşməsi
Diplomatik fəaliyyətə baxmayaraq,
döyüşlər şiddətlənir. İran yeni cavab zərbələri endirir. Küveyt şəhəri
beynəlxalq hava limanında yanacaq anbarına pilotsuz təyyarə hücumu və İsrailin
“Dəmir Günbəz” hava hücumundan müdafiə sistemini yara bilən Tel-Əvivə raket
zərbələri İranın ciddi addımlarından xəbər verir.
Buna cavab olaraq, ABŞ Körfəzdə hərbi mövcudluğunu daha da gücləndirir. Pentaqon artıq regionda yerləşən təxminən 50 min hərbi
qulluqçuya əlavə olaraq elit 82-ci Hava Desant Diviziyasından ən azı 1000
əsgərinin göndərildiyini açıqlayıb.
Hərbi
ekspertlər bu qüvvələrin İranın hava limanlarına və ya Fars körfəzindəki
strateji adalara - məsələn, İranın neft sektoru üçün vacib olan və
Hörmüz boğazının girişində yerləşən Qeşm adasına qarşı əməliyyatlarda istifadə
oluna biləcəyini ehtimal edirlər.
Rəqabətli hədəflər və strateji qeyri-müəyyənlik
Vaşinqtonda Yaxın Şərq İnstitutunun əməkdaşı Natan Saks ABŞ strategiyasının aydın olmadığını, üç
hədəfin - İranda rejim dəyişikliyi, İranın hərbi potensialının
ciddi zəiflədilməsi və hərbi təzyiqin Tehranı danışıqlar masasına geri
qaytarmaq - eyni vaxtda nəzarətə götürüldüyünü bildirib.
O, rejim dəyişikliyi baş vermədiyi təqdirdə ABŞ və
İsrailin uzunmüddətli və yüksək riskli bir məhdudlaşdırma strategiyası ilə
üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
“Əgər İran rejimi qalib gələrsə, bu, ABŞ-ı onu necə məhdudlaşdırmaq problemi ilə üz-üzə
qoyacaq” – deyə, o bildirib.
Asimmetrik müharibə və gələcək perspektivlər
Analitiklər qeyd edirlər ki, İranın ciddi itkilərə
dözməyə hazır olması ona asimmetrik üstünlük verir. Hörmüz boğazında artıq
yaranmış problemlər və qlobal iqtisadi təsirlər fonunda Tehranın güzəştə getmək
üçün daha az motivi var.
Buna baxmayaraq, ekspertlər münaqişənin qeyri-müəyyən
müddət davam edəcəyi qənaətində deyillər.
“Barışıq əldə
olunmasını təsəvvür etmək mümkün deyil” – Saks deyib.
“Biz İran rejiminin
ziyanı məhdudlaşdırmaq və razılaşma əldə etmək yolunu seçdiyini görə bilərik”.
Lakin o, İslam İnqilabı Keşikçiləri Korpusundan (İİKK-SEPAH) sərt xətt tərəfdarlarının hakim mövqedə olduğu
təqdirdə İranın 1980-ci illərdəki İran-İraq müharibəsinə bənzər uzunmüddətli
müharibəyə hazırlaşa biləcəyini də vurğulayıb.
Hal-hazırda münaqişə bir neçə cəbhədə davam edir.
Vertheymin sözlərinə görə, münaqişədən çıxışın ən real yolu hərtərəfli
diplomatik razılaşmadan çox, tərəflərdən birinin - çox güman ki, ABŞ-ın - birtərəfli
qaydada hərbi əməliyyatları dayandırması, ardınca isə digər tərəfin addım
atması ola bilər.
“Bu, əslində əsas sualı gündəmə gətirir” - deyə, Vertheym bildirib.
“Bu problemə həqiqətən diplomatik həll yolu
tapılmalıdır.”
Əlimusa İbrahimov
Professor, politoloq
11:56 26.03.2026
Oxunuş sayı: 1439