Azərbaycan təhsil sisteminin qlobal yüksəlişi – reytinqlərdə yeni rekord nailiyyətlər
Azərbaycanın ali təhsil sisteminin qlobal akademik mühitdə görünürlüyündə son illərdə sürətli və davamlı artım dinamikası müşahidə olunur. Bu tendensiya xüsusilə “QS World University Rankings by Subject 2026” (sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi) nəticələrində öz əksini tapır. Cari ildə ilk dəfə olaraq 7 Azərbaycan universiteti bu nüfuzlu reytinqdə 22 sahə üzrə təmsil olunub. Bu göstərici əvvəlki illə müqayisədə universitetlərin sayının təxminən iki dəfə, təmsil olunduğu sahələrin sayının isə dörd dəfə artmasını təsdiqləyir. Belə genişlənmə ölkəmizin ali təhsil sistemində aparılan sistemli islahatların, beynəlxalq standartlara uyğunlaşmanın və elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılmasının məntiqi nəticəsidir.
Ən mühüm nailiyyətlərdən biri Bakı Dövlət Universiteti (BDU) ilə bağlıdır. Universitet QS sahə reytinqində ilk dəfə top 100-lüyə daxil olub ki, bu da Azərbaycan ali təhsil tarixində yeni bir mərhələnin başladığından xəbər verir. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Dillər Universitetinin mövqeləri daha da möhkəmlənib, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yenidən reytinqdə yerini qoruyub saxlayıb. Digər üç universitet — Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti isə ilk dəfə bu qlobal siyahıya daxil olub. Bu irəliləyişlər təkcə ayrı-ayrı ali təhsil müəssisələrinin uğuru deyil, həm də dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü siyasətin və uzunmüddətli strategiyanın bəhrəsidir.
QS sahə reytinqləri metodologiyası yüksək akademik standartlara əsaslanır. Reytinq 5 geniş sahəni və 55 fənni əhatə edir, qiymətləndirmə isə 5 əsas indikator üzrə aparılır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalələr üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi. Cari buraxılışda dünyanın 100-dən artıq ölkəsindən 1900-ə yaxın ali təhsil müəssisəsi və 21 000-dən çox təhsil proqramı qiymətləndirilib. Azərbaycan universitetlərinin bu prosesdə iştirakı və nəticələri ölkəmizin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi və tədqiqat potensialının artırılması istiqamətində atılan addımların effektivliyini əks etdirir.
Regional kontekstdə bu uğurlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqaz regionunda QS sahələr üzrə reytinqdə universitetləri olan yeganə ölkədir. Bu fakt regionun təhsil məkanında Azərbaycanın lider mövqeyini aydın şəkildə ortaya qoyur və qonşu dövlətlərlə müqayisədə ölkəmizin təhsil keyfiyyəti, beynəlxalq rəqabət qabiliyyəti və innovativ inkişaf tempini vurğulayır.
Müqayisəli təhlil baxımından da nəticələr ürəkaçandır. Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan kimi ölkələrlə müqayisədə daha yüksək göstəricilər nümayiş etdirir. Bu, ölkəmizin ali təhsil sahəsindəki inkişaf sürətinin oxşar iqtisadi və regional şəraitə malik dövlətlərdən daha intensiv olduğunu sübut edir. Belə dinamika təsadüfi xarakter daşımır; o, Bolonya prosesinə inteqrasiya, keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi, beynəlxalq əməkdaşlıq proqramlarının genişləndirilməsi və elmi-tədqiqat infrastrukturunun modernləşdirilməsi kimi kompleks tədbirlərin nəticəsidir.
Ümumilikdə, “QS World University Rankings by Subject 2026”da əldə olunan nailiyyətlər Azərbaycanın qlobal akademik mühitdə mövqeyinin möhkəmlənməsini təsdiqləyir. Bu uğurlar ali təhsil sistemimizin davamlı inkişafını, beynəlxalq standartlara uyğunlaşma qabiliyyətini və gələcək nəsillər üçün yüksək keyfiyyətli təhsil mühitinin yaradılması istiqamətində aparılan işlərin effektivliyini nümayiş etdirir. Uzunmüddətli strategiyanın və məqsədyönlü siyasətin davamı olaraq, bu irəliləyişlər ölkəmizin ali təhsil müəssisələrinin qlobal rəqabətdə daha da möhkəm mövqe tutması üçün möhkəm zəmin yaradır və Azərbaycanın innovasiya əsaslı inkişaf modelinin vacib tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Ayhan
12:22 26.03.2026
Oxunuş sayı: 135