Naxçıvan xətti Orta Asiyaya açılır: Özbəkistan hərəkətə keçdi
Özbəkistan Naxçıvandan Türkiyə istiqamətində inşa ediləcək dəmir yolu layihəsində iştirak imkanlarını araşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlham Maxkamov “O’zbekiston 24” telekanalına müsahibəsində məlumat verib.
Nazirin sözlərinə görə, ölkədə sözügedən layihədə iştirak imkanlarını öyrənmək üçün işçi qrup yaradılıb. Bununla bağlı tapşırıqlar Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Gürcüstan və Azərbaycana səfərlərinin nəticələrinə əsasən verilib.
Maxkamov bildirib ki, hər bir istiqamət üzrə ayrıca işçi qrup yaradılıb. Özbəkistan Nəqliyyat Nazirliyi görülən işlər, əldə olunan nəticələr və ilin sonunadək qarşıya qoyulan vəzifələrlə bağlı hesabat təqdim edib və yeni tapşırıqlar alıb.
Qeyd edək ki, daha əvvəl Özbəkistanın Naxçıvandan Türkiyəyə uzanacaq dəmir yolunun tikintisində iştirak imkanlarını araşdırdığı bildirilmişdi. Layihənin Özbəkistana Samsun və İstanbul limanlarına çıxış imkanını təmin etməsi nəzərdə tutulur.
13:18 23.09.2026
Oxunuş sayı: 49