Toy menyuları niyə bu qədər bahadır? - xidmət, yoxsa “status” yarışı?
Son illər toy mərasimləri ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də şadlıq saraylarında menyu qiymətləridir. Bir nəfər üçün 120-200 manat arasında dəyişən bu rəqəmlər cəmiyyətdə ciddi suallar doğurur.
Maraqlıdır ki, bahalı qiymətlərdən narazılıq geniş olsa da, şadlıq evlərində yerlərin aylarla öncədən dolu olması bu ziddiyyəti daha da qabarıq göstərir.
Bu vəziyyət cəmiyyətdə seçim dilemması yaradır: ya daha ucuz, amma keyfiyyətcə zəif xidmət, ya da yüksək keyfiyyət uğrunda hər kəsin büdcəsinə uyğun olmayan xərclər.
Mövcud reallıq fonunda isə əsas sual dəyişmir – bu qiymətlər həqiqətən xidmətin dəyərini əks etdirir, yoxsa artıq “status” amilinin diktə etdiyi şişirdilmiş rəqəmlərdir?
Mütəxəssislər mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib.
Sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimovun fikrincə, toylarda müəyyən adətlərdə olan davranışlarda dəyişikliklər olduğu kimi, təbii ki, bu qiymətlər məsələsində də çox böyük dəyişikliklər var və bu dəyişikliklər ilk növbədə öz təsirlərini göstərir:

"İnsanların davranışına, onların həyat tərzinə, xüsusən də, şadlıq evləri arasında olan bu cür kəskin uyğunsuzluq bir tərəfdən hansısa bir təbəqələşmə tendensiyasına təsir edir, digər tərəfdən isə insanların mənəvi düşüncə tərzinə təsir göstərir.
Elə insanlar olur ki, onlar məcburən və ya qarşı tərəfin – qız və ya oğlan evinin təsiri ilə daha bahalı yer seçərək özləri də müəyyən borclara düşürlər. Bu kimi hallar cəmiyyətdə geniş yayılıb və bu baxımdan insanlar toy mərasimlərini keçirən zaman bu məsələlərin fərqinə varmalıdırlar.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, bizdə elə şadlıq evləri var ki, hətta Avropada belə toy mərasimləri üçün o cür bahalı menyular yoxdur.
Ona görə də, bu halların qarşısını almaq üçün müvafiq aidiyyəti qurumlar tərəfindən standartlaşdırılmış qiymətlər tətbiq olunmalı və toylar bu çərçivədə keçirilməlidir".
Sosioloq deyib ki, qiymətlərə təsir edən əsas amillərdən biri də toyda iştirak edənlərin say tərkibidir:
"Ümumiyyətlə, qiymətləri nizamlamaq və onların insanların maddi vəziyyətinə uyğunluğunu təmin etmək üçün ilk növbədə toyların kəmiyyət göstəricilərinə diqqət yetirmək lazımdır.
Məsələn, elə toylar var ki, orada 500-700 nəfər iştirak edir və bu da qiymətlərdə kəskin fərqlər yaradır. Buna görə də, müəyyənləşmiş toy standartları olmalıdır.
Məsələn, toy üçün normativ olaraq 50 nəfərdən çox olmamaq şərti ilə mərasim təşkil oluna bilər.
Həmçinin ənənəvi oturaq format əvəzinə, ayaqüstü və qısa – təxminən 2 saatlıq toyların keçirilməsi daha məqsədəuyğundur. Bu, insanların xərclərinin onların cibinə uyğun olmasına kömək edər.
Eyni zamanda, uzun toylar insanlarda yorğunluq və psixoloji gərginlik yaradır, bəzən isə borclanmaya səbəb olur.
Bu baxımdan, həm qiymətlərin tənzimlənməsi, həm də davranışlara təsir edən amillər birbaşa toy iştirakçılarının sayından asılıdır. Buna görə də, bu kəmiyyətin nizamlanmasına ciddi ehtiyac var və bu halda digər problemlər də tədricən aradan qalxa bilər".
Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dos. Aqil Eyvazov isə mövzunun iqtisadi tərəflərinə toxunub:

“Şadlıq saraylarında menyu qiymətlərinin 120-200 manat aralığında formalaşması təkcə xərclərlə izah olunmur, burada “status qiyməti” amili də mühüm rol oynayır. Əlbəttə, son illərdə ərzaq məhsullarının bahalaşması, işçilərə ödənilən əmək haqqının müəyyən qədər artması, icarə və xidmət xərcləri bu qiymətlərə təsir edir.
Lakin bazarda müşahidə olunan qiymət səviyyəsi bir çox hallarda real maya dəyərindən daha çox sosial gözləntilər və prestij faktorları ilə müəyyənləşir.
Bildiyimiz kimi, toy mərasimləri Azərbaycanda sosial statusun nümayiş etdirildiyi əsas platformalardan biri olduğu üçün istehlakçılar daha yüksək qiymətləri qəbul etməyə meylli olurlar. Bu isə bazarda “qiymət elastikliyinin” nisbətən aşağı olmasına gətirib çıxarır. Nəticədə, şadlıq sarayları qiymətləri artırmaqda daha sərbəst davranırlar".
A.Eyvazov əlavə edib ki, bu cür qiymət siyasətinin iqtisadiyyata təsiri iki istiqamətdə özünü göstərir:
"Birincisi, ailələrin büdcəsinə əlavə yük yaradır və bəzən borclanma hallarını artırır. İkincisi, xidmət sektorunda süni şəkildə yüksək qiymət standartı formalaşdıraraq bazarda rəqabətin keyfiyyət yox, imic üzərindən qurulmasına səbəb olur.
Onu da qeyd edək ki, uzunmüddətli perspektivdə bu tendensiya daha rasional istehlak davranışlarına keçidi stimullaşdıra bilər.
Artıq görürük ki, bəzi ailələr daha sadə və ya alternativ formatlara üstünlük verməyə başlayır ki, bu da bazarda yeni xidmət modellərinin yaranmasına şərait yaradır".
Fatimə
12:13 26.03.2026
Oxunuş sayı: 5599